Böyük Britaniyanın Şotlandiya ərazisində yerləşən Fasleyn nüvə sualtı qayıqları bazasına daxil olmağa cəhd edən iki nəfər saxlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Məlumata görə, saxlanılanlar 34 yaşlı kişi və 31 yaşlı qadındır. Onlar Böyük Britaniyanın ən qapalı hərbi obyektlərindən birinə daxil olmağa cəhd ediblər. Həmin baza "Trident" nüvə raketləri ilə təchiz olunmuş sualtı qayıqların yerləşdirilməsi üçün istifadə olunur.
Ehtimal olunur ki, saxlanılan şəxslərdən biri İran vətəndaşıdır. Qadının milliyyəti isə hələ müəyyən edilməyib. Onların bazanın ərazisinə daxil olması mümkün olmayıb və şübhəli davranışlarına görə obyektin yaxınlığında saxlanılıblar.
Böyük Britaniyanın Müdafiə Nazirliyi hadisəni hazırda ciddi insident kimi qiymətləndirmir.
Saxlanılan şəxslərin motivləri hələlik məlum deyil. Təhlükəsizlik sahəsindəki mənbələr bildirirlər ki, hadisəni casusluq cəhdi kimi qiymətləndirmək üçün hələ tezdir. Bununla belə, ölkədə İranla əlaqəli mümkün təhdidlər fonunda narahatlıq davam edir.