Dünya
223
19 Mar 2026 | 23:55

"2026-cı ilin ən xoşbəxt ölkələri: kim liderdir?" - Qlobal xoşbəxtlik reytinqi

"Skandinaviya liderliyini qoruyur, Latın Amerikası isə gözlənilməz nəticələrlə çıxış edir..."

Beynəlxalq Xoşbəxtlik Günü (20 mart) öncəsi yayımlanan 2026-cı ilin Dünya Xoşbəxtlik Hesabatına görə, Finlandiya yenidən dünyanın ən xoşbəxt ölkəsi seçilib. Bu, Şimal ölkələrinin uzunmüddətli üstünlüyünü təsdiqləyir.

Moderator.az xəbər verir ki, bu barədə "naked-science.ru" nəşri yazıb.

Nəşr yazır ki, eyni zamanda Kosta-Rika dördüncü, Meksika isə 12-ci yeri tutaraq daha zəngin dövlətləri qabaqlayıb. Bu nəticələr onu göstərir ki, sosial etimad, birgəlik hissi və gündəlik həyat keyfiyyəti gəlir səviyyəsindən heç də az əhəmiyyət daşımır.

Xoşbəxtlik meyarları

Dünya Xoşbəxtlik Hesabatı ölkələrin xoşbəxtlik səviyyəsini müəyyən etmək üçün "Kantril pilləsi" adlanan 0-10 ballıq ölçü istifadə edir. Bu ölçü ilə hər bir ölkədə əhalinin həyatından razılıq səviyyəsi qiymətləndirilir. Hesabatda 2023-2025-ci illər arasında keçirilmiş sorğuların nəticələri əsasında 147 ölkə qiymətləndirilir.

Xoşbəxtlik səviyyəsi aşağıdakı altı əsas göstərici ilə ölçülür:

- adambaşına düşən ÜDM 
- Sosial dəstək səviyyəsi
- Gözlənilən həyat müddəti
- Şəxsi azadlıq
- Korrupsiyanın qavranılması
- İanəçilik və xeyriyyə fəaliyyəti.

Bu göstəricilər, həmçinin sorğuda iştirak edənlərin şəxsi xoşbəxtlik və həyat keyfiyyəti hissi ilə birləşdirilərək ölkələr üzrə yekun ballar çıxarılır.

Top-10 ölkələr

2026-cı ilin reytinqində ilk onluq belədir:

Finlandiya 
İslandiya
Danimarka
Kosta-Rika
İsveç
Norveç
Niderland
İsrail
Lüksemburq
İsveçrə

Skandinaviya ölkələrinin liderliyi güclü institutlar, yüksək etimad səviyyəsi və inkişaf etmiş sosial müdafiə sistemləri ilə bağlıdır. Bu ölkələrdə yüksək gəlirlər, az sosial bərabərsizlik və əlçatan ictimai xidmətlər mövcuddur.

Qonşularımız və regionun vəziyyəti

Reytinqdə qonşu və regional ölkələrin mövqeyi belədir:

Rusiya - 79-cu,
Ermənistan - 128-ci,
Gürcüstan - 138-ci,
Azərbaycan - 142-ci,
Türkiyə - 144-cü yerdədir.

Bu nəticələr göstərir ki, region ölkələrində sosial etimad, həyat keyfiyyəti və rifah səviyyəsi dünya standartlarına nisbətən hələ də aşağıdır.

Maraqlı nüanslar və qlobal meyllər

Kosta-Rika və Meksika daha yüksək gəlirli ölkələri qabaqlayaraq, sosial bağlılıq və gündəlik həyat keyfiyyətinin xoşbəxtlikdə böyük rol oynadığını nümayiş etdirib.

Almaniya nümunəsində isə "Ipsos" araşdırmasına görə, ölkədə 72 faiz əhali özünü xoşbəxt hesab edir, əsas amillər isə öz dəyərini hiss etmək, sevgi və ailə münasibətləri, sağlamlıq və maliyyə vəziyyətidir.

Asiyada ən xoşbəxt ölkə Tayvandır (26-cı yer), Afrika lideri isə Mavrikiy.
Mütəxəssislər bildirir ki, yüksək gəlir həmişə yüksək həyat məmnuniyyətini təmin etmir. ABŞ, Kanada, Böyük 

Britaniya və Qərbi Avropa ölkələrinin əksəriyyətində həyat məmnuniyyətinin balları 6,7-6,9 intervalında yığılmışdır. Bu isə müəyyən bir xoşbəxtlik platfonunun mövcudluğunu göstərir.

Skandinaviya və bəzi Latın Amerikası ölkələrində isə yüksək sosial etimad, ictimai dəstək, güclü sosial siyasət və əmək-həyat balansı əhalinin xoşbəxtliyini artıran əsas amillərdir.

Link kopyalandı!
Son xəbərlər