"Tehran təkcə hərbi gücə yox, sistemli müqavimət qabiliyyətinə arxalanır..."
ABŞ prezidenti Donald Tramp İranla müharibədə aydın strategiya formalaşdıra bilmir.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "The Atlantic" nəşri yazıb.
Müəllifin fikrincə, Tramp iki zidd yanaşma arasında qalır: ya Tehrandan "şərtsiz təslimiyyət" tələb edir, ya da münaqişəni birtərəfli şəkildə bitirdiyini elan etməyə hazır olduğunu göstərir. Bu yanaşmaların heç biri real nəticə vəd etmir, çünki Vaşinqton İranın mahiyyətini düzgün qiymətləndirməyib. Gözləntilərin əksinə olaraq, uzunmüddətli təzyiq rejimi zəiflətmək əvəzinə, çox vaxt onun daxilində birliyi gücləndirir.
Rejimin dayanıqlılığı
1979-cu il inqilabından sonra formalaşan İran sistemi xarici təhdidlər fonunda möhkəmlənib. Xüsusilə Səddam Hüseyn dövründə İraqın hücumu və səkkizillik müharibə İslam İnqilabı Keşikçiləri Korpusunun güclənməsinə səbəb olub.
Ruhullah Xomeynidən sonra Əli Xamenei dövründə bu struktur daha da genişlənərək dövlətin əsas dayaqlarından birinə çevrilib. Bu gün İran sadəcə hökumət deyil, siyasi, hərbi və iqtisadi gücün iç-içə keçdiyi kompleks sistemdir.
Asimmetrik müharibə reallığı
Məqalədə qeyd olunur ki, İran bu mübarizəni "qalib gəlmək" yox, "uduzmamaq" prinsipi ilə aparır. Bu səbəbdən təkcə hərbi zərbələrlə nəticə əldə etmək çətindir, əksinə, xarici təzyiq milli həmrəyliyi gücləndirə bilər. Tehran həmçinin Hörmüz boğazı kimi strateji nöqtələr vasitəsilə qlobal iqtisadiyyata təsir imkanına malikdir.
Bundan əlavə, proksi qüvvələr, kiberhücumlar və dəniz nəqliyyatına müdaxilə kimi üsullar ABŞ-a qarşı effektiv alətlər sayılır. Nəticədə, bu münaqişə klassik qələbə ilə bitməyə bilər. Donald Tramp müharibənin bitdiyini elan etsə belə, qarşıdurma "kölgə müharibəsi" formatında davam edə bilər.