Hökumət işıq saatlarını kəskin azaltdı - 21:00-dan sonra...
Dünya
280
13:41, Bu gün

Hökumət işıq saatlarını kəskin azaltdı - 21:00-dan sonra...

Yaxın Şərqdə gərginliyin artması təkcə hərbi-siyasi müstəvidə deyil, region ölkələrinin gündəlik həyatında da ciddi dəyişikliklərə səbəb olur. Ən çox təsirlənən ölkələrdən biri isə Misirdir.

Son günlər hökumət enerji istehlakını məhdudlaşdırmaq üçün yeni tədbirlər paketini işə salıb. Baş nazir Mustafa Mədubli bildirib ki, qlobal yanacaq qiymətlərinin kəskin bahalaşması səbəbindən ölkənin enerji xərcləri qısa müddətdə iki dəfədən çox artıb. Məsələn, yalnız təbii qaz idxalına görə aylıq xərclər 560 milyon dollardan 1,6 milyard dollara qədər yüksəlib.

Bu səbəbdən 28 martdan başlayaraq ölkədə mağaza, kafe və ticarət mərkəzlərinin iş saatları ciddi şəkildə məhdudlaşdırılacaq. Yeni qaydalara görə, obyektlər həftəiçi günlərdə saat 21:00-da, həftəsonları isə ən geci 22:00-da fəaliyyətini dayandırmalı olacaq. Hökumət bu qərarın ən azı bir ay qüvvədə qalacağını açıqlayıb.

Məsələ bununla da bitmir. Qənaət tədbirləri çərçivəsində reklam lövhələrinin işıqlandırılması azaldılacaq, küçə lampalarının bir hissəsi söndürüləcək, dövlət qurumlarında isə iş saatları qısaldılacaq. Hökumət həm dövlət, həm də özəl sektorda həftədə 1-2 gün məsafədən işləmə modelini tətbiq etməyi də müzakirə edir.

Rəsmi açıqlamalarda qeyd olunur ki, regionda hərbi toqquşmaların genişlənməsi və neft-qaz qiymətlərinin sürətlə yüksəlməsi Misir iqtisadiyyatına birbaşa təsir edib. Ölkə son illərdə enerji idxalından daha çox asılı vəziyyətə düşdüyü üçün qiymət artımı büdcəyə əlavə yük yaradıb. Analitiklər hesab edir ki, təkcə neftin bahalaşması Misirin dövlət xərclərini ÜDM-in yarım faizinə qədər artıracaq.

Qeyd edək ki, bu, Misirdə enerji istehlakını azaltmaq üçün ilk addım deyil. Son illərdə də hökumət yay aylarında elektrik çatışmazlığı və yüksək qiymətlər səbəbindən mağazaların daha tez bağlanması, küçə işıqlandırmasının məhdudlaşdırılması kimi tədbirlərə əl atmışdı. Lakin hazırkı qərar regiondakı müharibə fonunda daha sərt və daha geniş miqyaslı hesab olunur. /Yeni Sabah/

Link kopyalandı!
Son xəbərlər