Bizi sosial şəbəkələrdən izləyin:
Amerika Birləşmiş Ştatları və İsraillə hərbi qarşıdurma başa çatdıqdan sonra İran Hörmüz boğazında gəmiçilik üçün yeni tranzit şərtləri tətbiq etmək niyyətindədir.
Moderator.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı Qətərə məxsus "Əl-Cəzirə" telekanalına müsahibəsində məlumat verib.
Nazirin sözlərinə əsasən, bu addım həm Tehranın, həm də bütövlükdə Yaxın Şərq regionunun mənafelərini qorumaqla yanaşı, sözügedən su hövzəsində təhlükəsiz hərəkəti dəqiq reqlamentlər çərçivəsində və davamlı şəkildə həyata keçirmək məqsədi daşıyır.
Baş diplomat, həmçinin vurğulayıb ki, boğazın sahillərində mövqe tutan dövlətlər - yəni İran, Oman və Birləşmiş Ərəb Əmirlikləri bölgədə təhlükəsizliyə zəmanət verən tərəflər olmalıdırlar.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.