Ermənistan hökumətinin rəhbəri Nikol Paşinyan dövlətinin Aya uçuş proqramının mövcud olmamasının əsas səbəbini 400 minlik kadr və mütəxəssis qıtlığı ilə izah edib.
Moderator.az-ın "RIA Novosti"yə istinadla yaydığı məlumata görə, siyasətçi bu fikirləri BMT-nin İnkişaf Proqramının təşəbbüsü ilə keçirilən III İctimai Sahədə İnnovasiya Forumundakı çıxışı zamanı səsləndirib.
Hökumət başçısı ABŞ-nin "Apollon" kosmik proqramı çərçivəsində Aya eniş layihəsinə 400 min tədqiqatçının cəlb olunduğunu biləndə heyrətləndiyini qeyd edib. O vurğulayıb ki, Birləşmiş Ştatların bu qədər nəhəng insan resursu olmasaydı, həmin tarixi missiyanı reallaşdırmaq mümkün olmazdı.
"Təbii ki, bizim heç zaman Aya getmək kimi bir planımız olmayıb və əfsuslar olsun ki, hələ də belə bir niyyətimiz yoxdur. Bunun isə tək bir səbəbi var, qeyd olunan 400 min alim və peşəkar kadrın çatışmazlığı", - deyə Ermənistan rəhbəri fikrini tamamlayıb.