"Kremlin yeni məxfi strukturu mühacirətdəki opponentləri və tənqidçiləri hədəfə almaq məqsədini güdür..."
Rusiya Baş Qərargahı Ukrayna müharibəsindən sonra xaricdə gizli əməliyyatlar aparmaq üçün yeni xüsusi struktur - "Mərkəz 795" (h/h 75127) yaradıb.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən "The Insider" nəşri yazıb.
Nəşr yazır ki, bu qurum adi Müdafiə Nazirliyi iyerarxiyasından kənar fəaliyyət göstərir və birbaşa Baş Qərargah rəisi Valeri Gerasimova tabedir. Məqsəd Kremlin rəqiblərinə qarşı daha sərt və çevik əməliyyatlar aparmaqdır.
Gizli struktur və seçilmiş zabitlər
Araşdırmaya görə, "Mərkəz 795" təxminən 500 seçilmiş zabitdən ibarətdir. Onların arasında Rusiya FTX və BKİ əməkdaşları ilə yanaşı Belarusun DTK nümayəndələri də var. Qrupun rəhbəri isə "Alfa" xüsusi təyinatlı dəstəsinin veteranı Denis Fisenko sayılır.
Struktur üç əsas blokdan ibarətdir: kəşfiyyat, hücum və təminat. Kəşfiyyat bölməsində 19 xüsusi şöbənin mövcudluğu, o cümlədən snayper qruplarının yaradılması hədəflərin dəqiq şəkildə aradan qaldırılması üçün hazırlıq aparıldığını göstərir.
Qurumun qərargahı Moskva yaxınlığındakı Kubinka şəhərində, "Patriot" parkının ərazisində yerləşir, təlim bazası isə "Kalashnikov" konserninin mərkəzində qurulub. Layihənin maliyyələşdirilməsində "Rostex" rəhbəri Sergey Çemezov və "Kalashnikov"un həmtəsisçisi Andrey Bokarevin adı çəkilir.
Qlobal əməliyyatlar və ifşa olunan plan
İlkin mərhələdə "Mərkəz 795" Ukrayna rəhbərliyinə və hərbi komanda məntəqələrinə qarşı əməliyyatlar üçün nəzərdə tutulmuşdu. Lakin cəbhədə uğursuzluqlardan sonra qurumun fəaliyyəti genişləndirildi. İndi onun əsas vəzifələri arasında xarici hərbi obyektlərə diversiya, mühacirətdə olan siyasi opponentlərin aradan qaldırılması və müstəqil jurnalistlərə qarşı sui-qəsd planları göstərilir.
Araşdırmada bildirilir ki, bu əməliyyatlardan biri artıq ifşa olunub. Mərkəzin zabitlərindən biri - 42 yaşlı Denis Alimov fevral ayında Kolumbiyanın paytaxtı Boqotada ABŞ-ın sorğusu ilə saxlanılıb. O, iki nəfər "Putin rejiminin tənqidçisi"nə qarşı sui-qəsd planlaşdırmaqda ittiham olunur.
Məlumata görə, əməliyyatın ifşa olunmasına səbəb gözlənilməz səhv olub: Alimov agentlərlə serb-xorvat dilində ünsiyyət qurarkən "Google Translate"-dən istifadə edib. Tərcümələr ABŞ şirkətinin serverlərində saxlandığı üçün FTB məhkəmə qərarı ilə yazışmalara çıxış əldə edib və planlar faktiki olaraq real vaxtda izlənilib.
Hazırda Alimov Kolumbiyada həbsdədir və ABŞ-a ekstradisiyanı gözləyir. Ona qarşı irəli sürülən ittihamların hər biri ömürlük həbs cəzası ilə nəticələnə bilər. Araşdırma müəlliflərinin fikrincə, bu hadisə Kremlin yeni gizli strukturunun fəaliyyət miqyasını və qlobal əməliyyat planlarını açıq şəkildə göstərir.