Dünya
208
21:15, Bu gün

"Müasir dünyada güc və siyasət" - Ramiz Yunus

"Azərbaycanın strateji seçimi və İran ətrafındakı yeni reallıqlar..."

İrandakı vəziyyət bu gün tamamilə unikaldır. ABŞ və İsrailin zərbələri nəticəsində İranın Ali Rəhbəri Əli Xameneinin ölümü göstərdi ki, dünya siyasətində artıq toxunulmaz şəxslər və qırmızı xətlər yoxdur.

Moderator.az xəbər verir ki, bu barədə Amerika politoloqu və "Xəzər" Beynəlxalq Universitetinin siyasətşünaslıq professoru Ramiz Yunus "gordonua.com" nəşrində yazıb.

Dünyada gücün üstünlüyü

Müəllif yazır ki, bu, sadəcə, diplomatik böhran və ya hədələr mübadiləsi deyil, yeni reallığın nümayişidir: əgər sən zəifsənsə, səninlə danışmırlar, sənə fakt qarşısında qərar qəbul etdirirlər. Müasir dövrdə beynəlxalq hüquq artıq təhlükəsizliyin təminatı rolunu oynamır. Dövlətlər bir-birinin ali rəhbərliyinə zərbə endirə bilirsə və bunu siyasi strategiyanın bir elementi kimi təqdim edirsə, demək ki, beynəlxalq hüquq artıq əngəl deyil və dünya getdikcə "cəngəllik qanunları" əsasında yaşayır: kim güclüdürsə, o da haqlıdır.

Azərbaycanda güc və strateji sabitlik nümunəsi

Ramiz Yunus qeyd edir ki, bu gün Azərbaycan üçün güc prinsipi və strateji planlaşdırma həyati əhəmiyyət daşıyır. 30 ilə yaxın müddət ərzində beynəlxalq səviyyədə tanınmış torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altında olub, bölgədə isə Rusiyanın və İranın mövqeyi işğalçıya dəstək olub. Bu dövrdə "səbr", "dialoq" və "kompromis" prinsipləri barədə çox danışılıb, lakin təcrübə göstərdi ki, ədalət güc olmadan geri dönmür.

Azərbaycanda strateji seçim aydın oldu: güclü olmaq. Ordu gücləndirildi, iqtisadiyyat modernləşdirildi, cəmiyyət konsolidasiya edildi və nəticədə torpaqlar tam bərpa olundu. Lakin qalibiyyət sonrası güc ekspansiya üçün istifadə edilmədi, beynəlxalq tanınmış sərhədləri aşmadıq və tarixi iddiaları həyata keçirmədik. Bu, impulsiv dövlətlə strateji dövlət arasındakı fərqi göstərir: güc ədalətin bərpasına xidmət etdi və sonra sülh gündəliyinə çevrildi.

Azərbaycan bu yanaşması ilə həm qonşularına qarşı etibarlı duruş nümayiş etdirir, həm də daxili sabitliyi qoruyur. İkinci Qarabağ müharibəsindən sonra sərhədlərin ciddi nəzarət altında saxlanılması da strateji addım idi və bu, indi hamı üçün aydındır.

İran və beynəlxalq perspektiv

İran ətrafındakı vəziyyət isə bu gün unikaldır: ölkə 1979-cu ildən bəri ən həssas mövqedədir. ABŞ və İsrail bu vəziyyətdən istifadə etməyə çalışır. Ramiz Yunus bildirir ki, zəif Tehran prezident Trampın ultimatumunu qəbul edə bilər, lakin İran dərin tarixi, güclü kimliyi və regional ambisiyaları olan bir dövlətdir. Hətta müvəqqəti sülh olsa belə, konflikt tamamilə yox olmayacaq və regiondakı proseslər hələ naməlumdur.

Günün reallığı budur: "dünyada güc vasitəsilə sülh" artıq şüar deyil, praktikadır. Güc isə müxtəlif ola bilər - xaotik və impulsiv, yaxud strateji, hesablanmış və məsuliyyətli. Azərbaycan ikinci yolu seçdi: əvvəl dövlətini gücləndirdi, sonra ədaləti bərpa etdi və regionda sülhün qorunmasını təmin etdi.

Ramiz Yunusun yekun fikri belədir: qədim tarixçi Fukidid deyib ki, "Güclülər edə bildiklərini edir, zəiflər isə etməli olduqlarına dözür". Məsələ hüquqi və etik aspektlərdə deyil, bizim güclülər sırasında hazır olmağımızdadır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər