Qadınlardan ibarət İran milli futbol komandasının kapitanı Zəhra Qənbəri Avstraliyada sığınacaq aldıqdan sonra İrana qayıtmaq qərarı verib.
Moderator.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.
Beləliklə, o, İran millisinin sığınacaq istədikdən sonra vətənə qayıtmağa qərar verən beşinci futbolçusu olub. Hazırda Avstraliyada yalnız iki futbolçu qalıb.
Qeyd edək ki, martın 2-də İranın qadınlardan ibarət futbol millisi Asiya Kuboku çərçivəsində Cənubi Koreya ilə oyundan əvvəl ölkə himnini oxumayıb. Bundan sonra İran dövlət televiziyasının efirində futbolçular "müharibə dövrünün xainləri" adlandırılıblar. Daha sonra İran hakimiyyəti onları ölkədə "sülhlə qarşılayacaqlarını" bəyan edib.
Məlumata görə, İran millisinin yeddi futbolçusu Avstraliya hakimiyyətinə sığınacaq üçün müraciət edib. Lakin sonradan onlardan biri fikrini dəyişərək İran səfirliyinə digər futbolçuların harada olduqları barədə məlumat verib. Avstraliya hakimiyyəti futbolçulara sığınacaq verməyə razılaşıb.
Martın 15-də daha üç futbolçunun İrana qayıtmaq qərarı verdiyi məlum olub və indi onlara komandanın kapitanı Zəhra Qənbəri də qoşulub.
İranlı hüquq müdafiəçiləri hesab edirlər ki, ölkə hakimiyyəti futbolçulara onların ailələri vasitəsilə təzyiq göstərir.