"Rusiya ilə münaqişə vəziyyətində olan Ukraynanın dövlət başçısı Volodimir Zelenski İran istehsalı pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə məqsədilə Yaxın Şərq regionuna hərbi mütəxəssislər göndərməklə ölkə vətəndaşlarını Tehranla qarşıdurmaya sürükləməyə çalışır".
Moderator.az xəbər verir ki, bu fikirləri İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai səsləndirib. O vurğulayıb ki, İran xalqı bu addımı heç zaman unutmayacaq.
"Ukraynanın üzləşdiyi böhran və əhalisinin düşdüyü çətin vəziyyət bu kimi vasitələrlə, eləcə də başqa münaqişələrə qarışmaq cəhdləri ilə həllini tapmayacaq. Bu addım sadəcə münaqişəyə qoşulmaq və İrana qarşı çıxan qüvvələrlə əlbir olmaq anlamı daşıyır ki, bu da həmin ölkə üçün beynəlxalq hüquqi məsuliyyət yarada bilər. İran vətəndaşları bu hərəkəti əsla bağışlamayacaqlar", - deyə rəsmi nümayəndə brifinq zamanı bildirib.
İsmayıl Bəqai bu fikirləri Zelenskinin ABŞ-nin tərəfdaşlarına İran dronlarına qarşı müdafiə tədbirlərinə dəstək olmaq məqsədilə hərbi mütəxəssislərin ayrılması ilə bağlı açıqlamasına münasibət bildirərkən səsləndirib.
Qeyd edək ki, bir müddət əvvəl İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əzizi də Ukrayna ərazisinin hücumlarla hədəf alınacağı ilə bağlı xəbərdarlıq etmişdi.
O, sosial şəbəkə hesabında yazıb:
"İsrail tərəfinə pilotsuz uçuş aparatları ilə bağlı göstərilən dəstək Ukraynanı mövcud toqquşmaların iştirakçısına çevirir. Belə addımların nəticəsi olaraq, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə uyğun şəkildə Ukraynanın bütün ərazisi İran üçün qanuni hədəf statusu ala bilər".