Dünya
343
18:35, Bu gün

"Tramp və Netanyahunun İran strategiyası üzrə fikir ayrılığı" - "The New York Times"

"Vaşinqton İsrailin bəzi hərbi addımlarının regionda enerji böhranını dərinləşdirə biləcəyindən ehtiyat edir..."

ABŞ və İsrail arasında İranla müharibənin aparılması ilə bağlı ciddi fikir ayrılıqları yaranıb.

Moderator.az xəbər verir ki, bu barədə "nyt.com" nəşri yazıb.

Müttəfiqlər arasında gizli gərginlik

Vaşinqton və Qüds formal olaraq yaxın müttəfiqlər olsa da, müharibənin məqsədləri və İran ərazisində hansı hədəflərin vurulmalı olduğu məsələsində mövqeləri fərqlənir. Mənbələrin bildirdiyinə görə, əsas mübahisə iki məsələ ətrafında cəmləşib.

Bunlar Tehranda hakim rejimin devrilməsinin məqsədəuyğunluğu və İranın mülki enerji infrastrukturuna zərbələrin endirilməsinin mümkünlüyüdür. ABŞ prezidenti Donald Tramp və ABŞ Mərkəzi Komandanlığının rəhbərliyi İsrail hökumətinə xəbərdarlıq ediblər ki, belə hücumlar regionda genişmiqyaslı cavab reaksiyasına səbəb ola bilər.

Vaşinqton hesab edir ki, İranın neft sektoruna zərbələr Tehranın sərt qisas addımlarına gətirib çıxara bilər. Xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusunun Fars körfəzi boyunca yerləşən enerji infrastrukturu - neft terminalları və ixrac marşrutlarını hədəfə alacağı ehtimal edilir.

İsrail ABŞ-ın xəbərdarlıqlarını nəzərə almadı

Buna baxmayaraq, İsrail rəhbərliyi tövsiyələrə baxmayaraq İranın enerji obyektlərinə zərbələr endirib. Təxminən bir həftə əvvəl İranın neft terminallarına qarşı həyata keçirilən hücumlar böyük yanğınlara səbəb olub və dünya enerji bazarlarında dərhal reaksiya yaradıb.

Bu hadisədən sonra qlobal neft qiymətləri sürətlə artıb. ABŞ-da bəzi iqtisadçılar bunu enerji bazarının destabilizasiyası ilə bağlı ən pis ssenarilərdən birinin reallaşması kimi qiymətləndiriblər.

Eyni zamanda İranın regiondakı enerji infrastrukturlarına cavab zərbələri endirə biləcəyi ehtimalı Vaşinqtonda ciddi təhlükə kimi qiymətləndirilir. ABŞ administrasiyasında hesab olunur ki, belə eskalasiya Fars körfəzində neft tədarükünün təhlükəsizliyini risk altına qoya bilər.

Vaşinqton Netanyahunun motivlərini necə izah edir?

Ağ Evdə aparılan daxili analizlərə görə, İsrailin baş naziri Binyamin Netanyahunun qərarları qismən siyasi və psixoloji effekt yaratmaq məqsədi daşıya bilər. ABŞ rəsmiləri hesab edir ki, İsrail rəhbərliyi üçün Tehran üzərində dramatik görüntülər yaratmaq vacib idi.

Analitiklərin fikrincə, İsrail bununla həm beynəlxalq ictimaiyyətə, həm də region ölkələrinə güc nümayiş etdirmək istəyirdi. Buna görə də paytaxt Tehranın qara tüstü ilə örtüldüyü səhnələr məqsədli siyasi və informasiya effekti kimi qiymətləndirilir.

Bütün bunlar göstərir ki, İran ətrafında başlayan münaqişə təkcə hərbi deyil, həm də strateji baxımdan ABŞ və İsrail arasında yeni gərginlik mərhələsinə səbəb olub. Vaşinqton və Qüds müttəfiq olaraq qalsa da, müharibənin məqsədləri və metodları barədə baxışları getdikcə daha çox fərqlənir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər