Pakistan Silahlı Qüvvələri martın 15-nə keçən gecə Əfqanıstanın Qəndəhar əyalətində hərbi obyektlərə və silahlı qruplaşmaların düşərgələrinə zərbələr endirib.
Pakistan rəsmiləri Əfqanıstanla baş verən toqquşmalar zamanı Əfqanıstan tərəfinin itkilərinin 1500 nəfəri keçdiyini açıqlayıblar.
Moderator.az xəbər verir ki, bu barədə Pakistanın informasiya və yayım naziri Attaulla Tarar "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, döyüşlər zamanı azı 684 əfqan hərbçisi öldürülüb, 912-dən çoxu yaralanıb.
Nazir qeyd edib ki, əməliyyat başlayandan bəri Pakistan aviasiyası Əfqanıstan ərazisində 73 obyektə zərbə endirib.
Pakistan ordusu 252 əfqan blokpostunu məhv edib, daha 44 post isə ələ keçirilərək dağıdılıb. Bundan əlavə, Pakistan Silahlı Qüvvələri qarşı tərəfin 229-dan çox zirehli texnikasını sıradan çıxarıb.
Onun sözlərinə görə, hücumlar zamanı Pakistan ordusu Qəndəharda Əfqanıstanın "Taliban" hərəkatı və silahlı qruplaşmalar tərəfindən istifadə olunan texniki təminat infrastrukturu və anbarları da məhv edib.
Nazir bildirib ki, zərbələr nəticəsində həmçinin əfqan hərbçiləri və "Fitnə əl-Xəvaric" (əvvəllər "Təhrik-e Taliban Pakistan") qruplaşmasının üzvlərinin texniki avadanlıq saxladıqları tunel də dağıdılıb.