Bizi sosial şəbəkələrdən izləyin:
İran şahının varisi ölkə vətəndaşlarına müharibədən sonra ölkənin idarəetmə sisteminin necə qurulacağını izah edib.
İranın müxalifət lideri şahzadə Rza Pəhləvi İran vətəndaşlarını İsrail və ABŞ əməliyyatları bitdikdən sonra onun hakimiyyətə gələ biləcəyinə hazırlaşmağa çağırıb.
Moderator.az Lent.az-a istinadən bildirir ki, onun sözlərinə görə, İslam Respublikasının süqutundan sonra ölkənin idarəçiliyində yarana biləcək boşluğun qarşısını almaq üçün son aylarda iki əsas sahədə işlər görülüb.
"Birincisi, "İranın rifah layihəsi" çərçivəsində ölkənin idarə olunması üçün aydın bir proqram hazırlanıb.
İkincisi, "Keçid idarəetmə sistemi"ndə iştirak etmək və bu proqramı həyata keçirmək üçün layiqli qadın və kişilərin müəyyən edilməsi və seçilməsi istiqamətində işlər görülüb. Bu proses zamanı ölkəmiz üçün lazım olan dəyərli təcrübə və biliyə malik bir çox həmvətənimiz ölkənin yenidən qurulmasında iştirak etmək və vətənlərinə xidmət etmək istəklərini ifadə ediblər", - Pəhləvi vurğulayıb.
O qeyd edib ki, iş Səid Qasimi-Necadın rəhbərlik etdiyi keçid idarəetmə sistemi üzvlərinin seçilməsi və təsdiqlənməsi komitəsi vasitəsilə həyata keçirilib. Son aylarda bu iş həm ölkə daxilində, həm də xaricində yeni sistemin müxtəlif aspektlərinə rəhbərlik edə bilən səriştəli namizədləri müəyyən edib və qiymətləndirib.
Onun sözlərinə görə, İslam Respublikasının süqutundan sonra bu sistem, onun rəhbərliyi altında, ölkənin idarəçiliyini dərhal ələ keçirməyə, İranın inkişafı və çiçəklənməsi üçün nizam, təhlükəsizlik, azadlıq və şərait təmin etməyə hazır olacaq.
Bundan əvvəl İranın vəliəhd şahzadəsi Rza Pəhləvinin Əli Xameneinin devrilməsindən sonrakı keçid dövrü üçün yenilənmiş plan təqdim etdiyini bildirib. Sənəddə İslam Respublikasının süqutundan sonrakı ilk altı ay ərzində həyata keçiriləcək tədbirlər ətraflı şəkildə təsvir olunur.