Qazaxıstanda yeni konstitusiyanın qəbulu məsələsinə dair referendumda səsvermə başlayıb.
Moderator.az bu barədə Tengrinews.kz-yə istinadən xəbər verir.
Səsvermə bülletenində cəmi bir sual var: vətəndaşlar 12 fevral 2026-cı ildə dərc edilmiş yeni konstitusiyanı qəbul edirmi? Yalnız bütün sənədi bütövlükdə dəstəkləmək və ya onu rədd etmək üçün səs vermək olar.
Seçicilərin 50 faizdən çoxu səs verərsə, referendum baş tutmuş sayılacaq. Nəticələr səsvermədən sonra yeddi gündən gec olmayaraq elan edilməlidir.
Yeni konstitusiya layihəsi mətnin təxminən 40%-ni dəyişir, bunun da təxminən 70%-i hakimiyyət qolları arasında münasibətlərin arxitekturasına dair maddələrə aiddir. Ümumilikdə maddələrin sayı 99-dan 95-ə enir.
Əsas fərqlər birbaşa dövlətin idarə edilməsi ilə bağlı maddələrdədir. Qazaxıstanda ikipalatalı parlamentin əvəzinə birpalatalı Qurultay təsis edilir, onun 145 deputatı partiya siyahıları üzrə beş il müddətinə seçilməlidir. Ölkədə mövcud olan qarışıq seçki sistemi ləğv edilir.
Yeni məşvərət orqanının - Xalq Şurasının yaradılması da təklif olunur. Bu orqan ildə ən azı bir dəfə toplanacaq və qanunvericilik təşəbbüsü hüququna malik olacaq.