"ABŞ prezidentinin nikbin bəyanatı Vaşinqtondakı fikir ayrılıqları və artan itkilərlə ziddiyyət təşkil edir..."
ABŞ prezidenti Donald Tramp İranın ABŞ və İsrail əməliyyatlarından sonra faktiki məğlub olduğunu və indi yeni saziş üçün danışıqlar aparmaq istədiyini bildirib.
Moderator.az xəbər verir ki, bu barədə o, bu barədə özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
"İranın şərtləri qəbuledilməzdir"
Tramp vurğulayır ki, təklif olunan şərtlər onun üçün qəbuledilməzdir. O, eyni zamanda medianı tənqid edib və qeyd edib ki, "saxta media ABŞ ordusunun uğurlarını göstərmək istəmir". Müharibə ABŞ üçün ağır nəticələr doğurub: əməliyyatlarda ən azı 13 hərbçi həlak olub, 140-dan çoxu yaralanıb, hər həftə milyardlarla dollara başa gələn əməliyyatlar isə iqtisadi riskləri artırır və "staqflyasiya" təhlükəsini gücləndirir.
Heqset - müharibənin əsas siması
Britaniyanın "The Telegraph" yazır ki, müdafiə naziri Pit Heqset müharibənin əsas simasına çevrilib. Tramp tez-tez qısa açıqlamalar versə də, ictimai çıxış və müsahibələri əsasən Heqset edir, ordunun "düşməni darmadağın etdiyini" bildirir və lazım gəlsə "səmadan ölüm və dağıntı yağdırmağa hazır olduqlarını" deyir.
Bəzi müşahidəçilər hesab edir ki, Ağ Ev Heqseti mediaya çıxararaq müharibənin "siması" kimi təqdim edir. Keçmiş məmurlar düşünür ki, Tramp bununla müəyyən siyasi sığorta yaradır: əgər müharibə uğursuz olarsa, məsuliyyətin bir hissəsi müdafiə nazirinə düşə bilər.
Vaşinqtondakı fikir ayrılıqları və əməliyyatın gələcəyi
ABŞ administrasiyasında İran müharibəsi ilə bağlı tam yekdil mövqe yoxdur. Vitse-prezident Cey Di Vens əməliyyata skeptik yanaşır, Heqset isə onu müdafiə edir və müxtəlif variantların müzakirədə olduğunu bildirir. İranın Hörmüz boğazını bağlaması dünya enerji bazarında gərginlik yaradıb.
Bundan başqa, Pentaqon cənubi İranda qız məktəbinə endirilən zərbə ilə bağlı araşdırma aparır, ilkin məlumatlara görə, 150-dən çox insan ölüb və məsuliyyət ABŞ qüvvələrinin üzərinə düşə bilər. Beləliklə, Tramp müharibənin tezliklə başa çata biləcəyini iddia etsə də, Vaşinqtondakı fikir ayrılıqları, artan itkilər və iqtisadi risklər əməliyyatın gələcəyi ilə bağlı sualları açıq saxlayır.