Qara dənizdə Yunanıstana məxsus tankerə hücum edilib
Dünya
295
17:46, Bu gün

Qara dənizdə Yunanıstana məxsus tankerə hücum edilib

Qara dəniz sularında Yunanıstana aid olan "Maran Homer" tankeri hücuma məruz qalıb. Gəminin sağ tərəfinə zərər dəysə də, ekipaj üzvləri arasında yaralanan olmayıb.

Moderator.az xəbər verir ki, bu barədə "Skai" telekanalına Yunanıstanın gəmiçilik və ada siyasəti naziri Vasilis Kikilias açıqlama verib.

Nazirin sözlərinə görə, Yunanıstan bayrağı altında üzən gəmi Novorossiysk limanından 14 dəniz mili aralıda zərbəyə tuş gəlib. Hadisə anında göyərtədə 10 yunan, 13 filippinli və biri rumın olmaqla ümumilikdə 24 dənizçi olub. Onların vəziyyəti normaldır.

V.Kikilias qeyd edib ki, gəminin yalnız sağ hissəsi zərər görüb.

Nazirliyin yaydığı bilgiyə əsasən, Saloniki limanından çıxaraq Rusiyanın Novorossiysk istiqamətində hərəkət edən tanker hücum zamanı yüklü olmayıb. "Chevron" şirkətinin icarəsində olan su nəqliyyatı vasitəsi hazırda fəaliyyətini davam etdirir və hər hansı ekoloji çirklənmə faktı qeydə alınmayıb.

Tankerin mülkiyyətçisi olan "Maria Angelikousis Shipping Group" şirkəti də baş vermiş insidentlə əlaqədar rəsmi bəyanatla çıxış edib.

Bəyanatda vurğulanır ki, gəmi Rusiya ərazi sularından kənarda naməlum obyektin hədəfi olub. Tanker Qazaxıstan neftini yükləmək məqsədilə Novorossiyskdə yerləşən Xəzər Boru Kəməri Konsorsiumunun terminalına giriş icazəsini gözləyirmiş:

"Ekipajın təhlükəsizliyi təmin edilib, heç kim xəsarət almayıb. Zərbə nəticəsində sadəcə göyərtəyə və oradakı bəzi avadanlıqlara kiçik maddi ziyan dəyib. Gəmi hücum vaxtı boş olduğundan dənizə zərərli maddələr sızmayıb. O, artıq Novorossiyskdən uzaqlaşıb".

Link kopyalandı!
Son xəbərlər