Yer kürəsində yaz fəslinin ilk uzun sürən maqnit fırtınası artıq doqquz saatdan çoxdur ki, aktivliyini qoruyur.
Moderator.az xəbər verir ki, bu məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutuna daxil olan Günəş astronomiyası laboratoriyası, həmçinin qurumun Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu açıqlayıblar.
Qeyd olunur ki, planetar maqnit fırtınası Moskva vaxtı ilə gecə yarısından etibarən müşahidə edilir. Təbiət hadisəsi Günəşin səthindəki tac dəliyinin təsiri ilə Yerə yaxın ərazilərdə küləyin sürətinin anidən yüksəlməsi nəticəsində yaranıb. Fırtınanın gedişatı kifayət qədər stabildir - doqquz saatlıq müddət ərzində göstəricilər dəyişməyərək orta güclü hadisələrə xas olan G1.7 səviyyəsində qərarlaşıb.
Mütəxəssislər bunun mart ayı ərzində baş verən ilk ciddi geomaqnit fırtınası olduğunu vurğulayıblar. Martın 4-də də oxşar hal qeydə alınıb, amma həmin təzahür qısamüddətli xarakter daşıyıb və kənar amillərlə bağlı olmayıb.