"Mədə xərçəngi çox vaxt yavaş inkişaf edir və uzun müddət aşkar simptomlar göstərməyə bilir".
Moderator.az-ın xəbərinə görə, bu barədə rusiyalı cərrah və onkoloq Mixail Sudakov Lenta.ru nəşrinə müsahibəsində danışıb və bu xəstəliyin xüsusiyyətlərini açıqlayıb.
Cərrahın sözlərinə görə, bir çox xəstələr diaqnoz barədə artıq gec mərhələlərdə xəbər tuturlar, çünki xəstəlik erkən mərhədə özünü büruzə verməyə bilər.
Mixail Sudakov qeyd edib ki, xərçəngin inkişafına "Helicobacter pylori" infeksiyası, siqaret çəkmək, alkoqoldan çox istifadə, irsi meyillilik, həddindən artıq duz qəbulu və selikli qişanın bəzi xərçəngönü dəyişiklikləri səbəb ola bilər.
"Xəstəliyin gedişatına uyğun olaraq daha bariz simptomlar ortaya çıxa bilər: disfagiya (qida udulmasında çətinlik), xoşagəlməz qoxu ilə qusma, əgər şişin parçalanması baş verərsə, qanlı qusmanın olması mümkündür. IV mərhələ xəstəliyin ən ağır mərhələsi hesab olunur, bu mərhələdə şiş mədədən kənara çıxaraq digər orqanlara metastaz verir. Ağciyərlər metastazın mümkün hədəflərindən biridir", - deyə Mixail Sudakov qeyd edib.
Həkim əlavə edib ki, yayılmış mədə xərçənginin tam müalicəsi çox nadirdir. Lakin buna baxmayaraq təcili şəkildə təyin edilmiş fərdi terapiya ilə uzunmüddətli remissiyaya nail olmaq mümkündür.