"Benksi" təxəllüsündən istifadə edən məşhur qraffiti rəssamının britaniyalı rəssam Robin Kanningem olduğu müəyyən edilib.
Moderator.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, o, bir neçə il əvvəl adını Devid Consa dəyişib.
Benksi incəsənət dünyasının ən məşhur və ən sirli rəssamlarından biridir və onun şəxsiyyəti onilliklərdir müzakirə olunur. Bildirilir ki, Benksi "Pest Control Office" adlı şirkət rəhbərlik edir. Bu şirkət onun əsərlərinin autentifikasiyası ilə məşğul olur və həmin əsərləri ilk satınalma hüququnun kimə veriləcəyini müəyyənləşdirir.
Qeyd olunub ki, jurnalistlər onun şəxsiyyətinin müəyyənləşdirilməsi üçühn uzun müddət araşdırma aparıblar.
"Rəssamın fotolarının əksəriyyətində üz gizlədilmişdi, lakin mühüm məlumatlar mövcud idi. Daha sonra əvvəllər dərc olunmamış məhkəmə sənədləri və ABŞ polisinin hesabatlarını aşkar etdik. Onların arasında ictimai asayişin pozulması ilə bağlı köhnə xırda hüquq pozuntusuna dair rəssamın öz əlyazısı ilə yazılmış etirafı da var idi. Məhz bu sənəd Benksinin həqiqi şəxsiyyətini qəti şəkildə üzə çıxardı", - deyə agentliyin materialında bildirilir.
Rəssamın vəkili Mark Stivens öz növbəsində bildirib ki, Benksi adını populyarlıqdan qorxduğu üçün yox, müxtəlif qurumlar və onlarla əlaqəli şəxslər tərəfindən təqib olunduğuna görə gizlədir.