Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvi ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna lideri "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Onun sözlərinə görə, tərəflər regiondakı vəziyyəti, həmçinin ABŞ-nin İrana qarşı əməliyyatını müzakirə ediblər.
"İran xalqının öz taleyini müəyyən etmək üçün daha çox imkanlar əldə etməsi son dərəcə vacibdir. Biz beynəlxalq təzyiqin və birgə səylərin buna nail olmağa necə kömək edə biləcəyi barədə danışdıq", - Zelenski qeyd edib.
O əlavə edib ki, Pəhləvi Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib.
Bu, Zelenski və Pəhləvinin son bir ay ərzində ikinci görüşüdür, bundan əvvəl onlar Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüşmüşdülər.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatına başladığını açıqlayıb.