"İranla müharibə ABŞ üçün hərbi, iqtisadi və geosiyasi baxımdan ciddi məğlubiyyətə çevrilə bilər..."
ABŞ-ın İrana qarşı hərbi kampaniyası Vaşinqtonun gözlədiyi nəticəni verməyib və bu proses ölkənin həm iqtisadi, həm də strateji mövqelərinə ciddi zərbə vurub.
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Die Zeit" nəşri yazıb.
Məqalədə qeyd olunur ki, Ağ evin ümid etdiyi kimi, hərbi əməliyyatlar Tehranda rejim dəyişikliyinə gətirib çıxarmayıb. Əksinə, münaqişə qlobal enerji bazarına ciddi təsir göstərib, ABŞ-ın beynəlxalq nüfuzunu zəiflədib və eyni zamanda Rusiya ilə Çinin mövqelərini gücləndirib.
Hərbi məqsədlər baş tutmadı
Nəşrin fikrincə, ABŞ və İsrailin İrana qarşı hava zərbələri ölkədə siyasi vəziyyəti dəyişmək üçün yetərli olmayıb. İranın ali lideri Əli Xameneyinin öldürülməsindən sonra hakimiyyətə onun oğlu Möctəba Xameneyi gəlib və bu dəyişiklik ölkədə ciddi siyasi böhrana səbəb olmayıb.
Donald Trampın İran daxilində xalq üsyanı baş verəcəyi ilə bağlı ümidləri də doğrulmayıb. Ekspertlər hesab edir ki, etirazların əvvəlki illərdə sərt şəkildə yatırılması cəmiyyətdə yeni üsyan ehtimalını xeyli azaldıb.
Məqalədə vurğulanır ki, ABŞ rəhbərliyi müharibənin konkret məqsədlərini dəqiq müəyyən etməyib. Tramp müxtəlif çıxışlarında bəzən rejim dəyişikliyi, bəzən İranın nüvə proqramının məhv edilməsi, bəzən isə ölkənin "şərtsiz kapitulyasiyası" kimi fərqli hədəflər səsləndirib. Bu isə strategiyanın qeyri-müəyyən olduğunu göstərir.
Enerji böhranı və iqtisadi risklər
Müharibə qlobal enerji bazarına da ciddi təsir göstərib. İranın İnqilab Keşikçiləri Korpusu pilotsuz aparatların köməyi ilə Hörmüz boğazında nəqliyyatı faktiki olaraq bloklamağa nail olub. Bu isə Fars körfəzi vasitəsilə neft və qaz ixracının böyük hissəsinin dayanmasına səbəb olub.
Nəticədə dünya bazarlarında enerji qiymətləri artmağa başlayıb və bu vəziyyət qlobal iqtisadiyyatda inflyasiya riskini gücləndirib. Məqalədə qeyd olunur ki, Tramp əvvəlcə bu vəziyyətin ABŞ enerji şirkətlərinə sərfəli olacağını düşünürdü. Lakin qiymətlərin yüksəlməsi nəticədə Amerika iqtisadiyyatı üçün də əlavə problemlər yarada bilər.
Müharibədən ən çox Çin qazanır
"Die Zeit" hesab edir ki, yaranmış vəziyyətdən ən çox fayda əldə edən ölkələrdən biri Çindir. Pekin Yaxın Şərqdəki müharibədən kənarda qalaraq ABŞ-ın qlobal mövqelərinin zəifləməsini izləyir. ABŞ-ın BMT üzvü olan ölkəyə qarşı hərbi əməliyyatları beynəlxalq hüquqla bağlı yeni müzakirələrə səbəb olub və bu da Qlobal Cənub ölkələri arasında Vaşinqtona qarşı münasibəti dəyişə bilər.
Nəşr yazır ki, əgər ABŞ və İsrail bütün hərbi üstünlüklərinə baxmayaraq İranda ciddi nəticə əldə edə bilməsə, bu, Amerikanın hərbi gücünə olan inamın zəifləməsinə gətirib çıxara bilər.
Məqalə müəllifinə görə, Donald Tramp müharibəni tez bitirmək istədiyini desə də, hadisələrin gedişi onu əksinə, uzunmüddətli və nəzarətdən çıxan münaqişəyə sürükləyə bilər.