Dünya
369
12 Mar 2026 | 21:30

"Kremlin "boz kardinalı" ölkəni tərk edib? Surkov ətrafında müəmmalı xəbərlər" - "QORDON"

"Kremlin keçmiş ideoloqlarından biri sayılan Vladislav Surkovun ölkədən təcili getdiyi iddia olunur..."

Rusiya "Teleqram" kanallarının yazdığına görə, Vladislav Surkov ölkəni tərk edib və hazırda Rusiyanın ekstradisiya müqaviləsi olmayan ölkələrindən birində ola bilər.

Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" nəşri məlumat yayıb.

Ölkədən getməsi barədə iddialar

"Незыгарь" "Telegram" kanalı iddia edir ki, Surkovun getməsinin səbəbi onun 2014-2020-ci illərdə Ukrayna istiqamətinə nəzarət etməsi və həmin dövrdə büdcə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı mümkün cinayət işinə dair materialların hazırlanmasıdır. Məlumatda qeyd olunur ki, gələcəkdə onun federal, hətta beynəlxalq axtarışa verilə biləcəyi ehtimal edilir.

Bəzi müşahidəçilər Surkovun yoxa çıxmasının Rusiyada "köhnə siyasi elita"ya qarşı yeni təmizləmə dalğası ilə üst-üstə düşdüyünü vurğulayır. Bununla belə, onun yaxın çevrəsindən olan şəxslər Surkovun əvvəllər də tez-tez xaricə səfər etdiyini və xüsusilə Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Macarıstana getdiyini bildirir.

Kremlin və Surkovun reaksiyası

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Surkovun ölkədən getməsi barədə rəsmi məlumat yoxdur. Onun sözlərinə görə, Kreml belə xəbərləri təsdiqləyə bilmir. Surkov özü də "Kommersant" nəşrinin sorğusuna qısa cavab verərək, "Rusiyanı tərk etməyim barədə məlumatım yoxdur" deyib.

Rusiyalı hüquqşünas və bloger Mark Feyqin isə hesab edir ki, Surkov kimi bir şəxsin ölkədən asanlıqla uzaqlaşmasına imkan verilməsi çətindir. Onun fikrincə, Surkov Rusiya hakimiyyətinin daxili prosesləri və korrupsiya mexanizmləri barədə çox məlumatlıdır.

Putin sisteminin ideoloqlarından biri

Vladislav Surkov uzun illər Vladimir Putin hakimiyyət sisteminin əsas ideoloqlarından biri sayılıb. 2000-ci illərdə o, Rusiyada siyasi sistemin formalaşdırılmasında mühüm rol oynayıb və "suveren demokratiya" konsepsiyasının müəlliflərindən biri kimi tanınıb.

Surkov uzun müddət Rusiya prezident administrasiyası rəhbərinin müavini olub, 2013-2020-ci illərdə isə prezidentin köməkçisi kimi Ukrayna istiqamətinə nəzarət edib. Onu qeyri-rəsmi təsirinə görə tez-tez Kremlin "boz kardinalı" adlandırırdılar. Ekspertlər Surkovu həm də Donbasdakı separatçı siyasi layihələrlə və "Novorossiya" ideyası ilə əlaqələndirirlər.

2020-ci ildə vəzifədən uzaqlaşdırıldıqdan sonra o, dövlət postu tutmasa da, yazılarında Ukrayna dövlətinin mövcudluğunu şübhə altına alan fikirlər səsləndirib. Bu tezislər sonradan Rusiya rəsmilərinin Ukrayna ilə müharibəni əsaslandırmaq üçün istifadə etdiyi arqumentlərdən birinə çevrilib.

Link kopyalandı!
Son xəbərlər