Gürcüstan hökuməti ATƏT-in "Moskva mexanizmi" çərçivəsində ölkədə 2024-cü ilin yazından etibarən baş verən hadisələri əks etdirən hesabatı ilə bağlı dərin narahatlığını ifadə edib.
Moderator.az xəbər verir ki, Gürcüstanın qurumdakı daimi nümayəndəsi Aleksandre Maysuradze sənədi qərəzli adlandırıb.
Onun sözlərinə görə, hesabatda ciddi qeyri-dəqiqliklər və siyasi cəhətdən qərəzli nəticələr var ki, bu da sənədin etibarlılığını və obyektivliyini şübhə altına alır.
Maysuradze qeyd edib ki, hesabatda "Moskva mexanizmi"nin mandatının çərçivəsindən çıxan digər beynəlxalq təşkilatlara və dövlətlərə Gürcüstan əleyhinə addımlar atmaqla bağlı çağırışlar da daxil olmaqla tövsiyələr yer alıb.
"Gürcüstan hökuməti hesabatda yer alan nəticələri və tövsiyələri qəti şəkildə rədd edir, ATƏT-i və iştirakçı dövlətləri Gürcüstan hökumətinin ətraflı cavabında göstərilən hüquqi arqumentlərə, nailiyyətlərə və ətraflı izahatlara lazımi diqqət yetirməyə çağırır", - daimi nümayəndə əlavə edib.
Qeyd edək ki, ATƏT-in 24 üzv ölkəsi Gürcüstanda "insan haqları ilə bağlı vəziyyətin pisləşməsi" ilə əlaqədar olaraq ekspert missiyasını bu ilin yanvarın 29-da yaradıb. Missiya 2 həftə ərzində Gürcüstanda olub və hesabat səfərdən bir neçə gün sonra hazırlanıb.