Rəsmi Tehran Hindistan bayrağı ilə hərəkət edən neft tankerlərinin Hörmüz boğazından istifadəsinə razılıq verib.
Moderator.az xəbər verir ki, bu barədə Hindistanın NDTV kanalın məlumat yayıb.
Məlumata görə, bu addım hər iki ölkənin xarici işlər nazirlərinin müvafiq müzakirələrinin ardınca atılıb. Nəticədə, Hindistana aid olan "Puşpak" və "Parimal" gəmiləri su yolundan problemsiz keçiş edib. Eyni zamanda, ABŞ, Avropa və İsrailə məxsus dəniz nəqliyyatı vasitələrinin boğazdan keçidinə hazırda məhdudiyyət qoyulub.
İdarəetməsi hindistanlı kapitan tərəfindən həyata keçirilən və Səudiyyə Ərəbistanı neftini nəql edən Liberiya bayraqlı başqa bir gəmi də boğazı keçməklə Mumbay limanına daxil olub. Bu hadisə, ABŞ, İsrail və İran arasında yaranan münaqişəli vəziyyətdən sonra Hindistan istiqamətində maneəsiz hərəkət edən ilk təhlükəsiz reys kimi qiymətləndirilir.
Qeyd edək ki, Birləşmiş Ştatlar martın 9-da bəyan edib ki, Tehran Hörmüz boğazı vasitəsilə neft daşınmasını əngəlləyərsə, Vaşinqton tərəfindən ciddi hərbi müdaxilə gerçəkləşdiriləcək. ABŞ kəşfiyyatı isə öz növbəsində İranın sözügedən su yolunda minalama işlərinə start verdiyini açıqlayıb.
Regionda yaranmış mürəkkəb vəziyyət səbəbindən qlobal neft bazarlarında qiymətlərin kəskin sıçrayışı qeydə alınıb. "The Washington Post" nəşrinin məlumatına görə, əgər boğazın fəaliyyəti uzunmüddətli dayandırılarsa, hətta ABŞ-ın strateji neft rezervləri belə beynəlxalq enerji bazarında tarazlığı qorumaq üçün kifayət etməyəcək. Qeyd edək ki, İran bundan öncə İraq sularında ABŞ-a aidiyyəti olan tankerləri də hədəfə almışdı.