Dünya
454
11 Mar 2026 | 21:55

"İnsultun anatomiyası: beyində baş verənlər və zamanın həyati rolu" - Həkimlər izah edir

"İnsult təkcə damar problemi deyil - beyində saniyələr içində zəncirvari reaksiyaya səbəb olan mürəkkəb və təhlükəli prosesdir..."

"YouTube" platformasında yayımlanan "PRO ZDOROVYE" tok-şousunda Minsk şəhərindəki 5 saylı klinik xəstəxananın nevrologiya və neyrocərrahiyyə şöbəsinin rəhbəri, professor Yuri Şanko insultun mexanizmlərini ətraflı izah edib.

Moderator.az xəbər verir ki, bu barədə "sb.by" nəşri yazıb.

Beyin niyə bu qədər həssasdır?

Professorun sözlərinə görə, insan beyni ölçü baxımından kiçik olsa da, orqanizmdə ən çox enerji tələb edən orqandır. Bədən çəkisinin cəmi təxminən 2 faizini təşkil edən beyin orqanizmə daxil olan oksigenin təxminən 20 faizini və qlükozanın isə yarısını istehlak edir.

Bütün bu maddələr beyin hüceyrələrinə yalnız qan damarları vasitəsilə çatdırılır. Bu səbəbdən qan dövranında yaranan istənilən ciddi pozuntu çox qısa müddətdə ağır nəticələrə gətirib çıxara bilər. Həkim vurğulayır ki, beyin yalnız neyronlardan ibarət deyil.

Neyronların fəaliyyətini təmin edən və onları qoruyan "neyroqliya" adlanan köməkçi hüceyrələr də mövcuddur və onların sayı neyronlardan daha çoxdur. Bu hüceyrələrin hamısı eyni damar şəbəkəsindən qidalanır və qan dövranının pozulması bütün sistemi eyni anda zərbə altında qoyur.

Damarın tutulması və ya partlaması: insult necə yaranır?

Mütəxəssisin sözlərinə görə, insult əsasən iki ssenari üzrə baş verir. Ən geniş yayılmış variant işemik insultdur. Bu halda damar aterosklerotik lövhə, tromb və ya uzunmüddətli spazm nəticəsində tutulur və beynin müəyyən hissəsinə qan axını kəskin azalır. Statistikaya görə, insultların təxminən 80 faizi məhz bu tipə aiddir. 

Qalan hallarda isə hemorragik insult baş verir. Bu zaman damar partlayır və qan birbaşa beyin toxumasına axır. Nəticədə kəllədaxili hematoma - qan laxtası yaranır və bu laxta beyin toxumasını mexaniki şəkildə sıxaraq neyron əlaqələrini dağıdır. Bu tip insult daha nadir olsa da, çox vaxt daha aqressiv və ağır nəticəli olur.

Domino effekti: niyə sağlam hüceyrələr də məhv olur?

İnsultun ən təhlükəli tərəflərindən biri ilkin zədələnmə ilə bitməməsidir. Həkimlərin dediyinə görə, zədələnmiş hüceyrələrin məhvi "domino effekti" yaradır. Ölən hüceyrələr parçalanma məhsulları buraxır və bu maddələr sağlam toxumalara yayılaraq onların fəaliyyətini də pozur. 

Nəticədə əvvəlcə yalnız kiçik bir sahədə başlayan problem qısa müddətdə daha geniş əraziyə yayılır. Zədələnmiş sahənin ətrafında "penumbra" adlanan xüsusi zona yaranır. Bu sahədə hüceyrələr hələ ölməyib, lakin kritik vəziyyətdədir və təcili tibbi müdaxilə olmazsa, onlar da məhv ola bilər.

Eyni zamanda beyin toxuması suyu özünə çəkərək şişməyə başlayır. Problem ondadır ki, beyin dəyişməyən ölçüyə malik qapalı kəllə boşluğunun içində yerləşir. Beynin həcmi artdıqca o, kəllə daxilində sıxılmağa başlayır və bu vəziyyət həyati funksiyalara cavabdeh mərkəzləri zədələyə bilər.

Altı dəqiqəlik pəncərə: zaman niyə həlledicidir?

İnsult zamanı əsas düşmən vaxtdır. Beyin hüceyrələrinin enerji ehtiyatı yoxdur və oksigen çatışmazlığı olduqda onlar çox tez məhv olur. Mütəxəssislərin sözlərinə görə, qan axını tam dayandıqdan sonra hüceyrələrin geri dönməz şəkildə ölməsi üçün orta hesabla cəmi təxminən altı dəqiqə kifayətdir. Məhz buna görə insult əlamətləri görünən kimi dərhal tibbi yardım almaq həyati əhəmiyyət daşıyır.

Bununla belə, müəyyən hallarda reabilitasiya mümkündür. Beynin plastiklik xüsusiyyəti sayəsində xüsusi məşqlər və müalicə vasitəsilə itirilmiş funksiyaların bir hissəsi sağlam sahələr tərəfindən qismən kompensasiya edilə bilər. Həkimlərin yekun qənaəti isə sadədir: insult zamanı saniyələr belə böyük əhəmiyyət daşıyır. İnsan nə qədər tez mütəxəssislərin əlinə düşərsə, həyatını və beyin funksiyalarını qorumaq şansı bir o qədər yüksək olur.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər