İran;n qadın futbol yığmasının Avstraliyada sığınacaq istəyən üzvləri təhlükəsiz yerdən təxliyə ediliblər. Buna səbəb futbolçulardan birinin fikrini dəyişərək onların olduğu məkanı İran səfirliyinə bildirməsi olub.
Moderator.az AFP-yə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın daxili işlər naziri Toni Berk açıqlamasında deyib.
Məlumata əsasən, milli komandanın yeddi üzvü Avstraliyadan sığınacaq istəyib. Onlar İranda dövlət himnini oxumaqdan imtina etdiklərinə görə vətənlərində "xain" adlandırılıblar. Lakin futbolçulardan biri İrana qayıtmağı seçən digər oyunçularla söhbətdən sonra mövqeyini dəyişib.
Nazirin sözlərinə görə, həmin idmançı Avstraliyadakı İran səfirliyi ilə əlaqə saxlayaraq digər sığınacaq istəyən futbolçuların yerləşdiyi məkanı açıqlayıb.
"Bunun nəticəsində İran səfirliyi onların hamısının harada olduğunu öyrəndi. Mən dərhal həmin şəxslərin başqa yerə köçürülməsi barədə göstəriş verdim və bu dərhal həyata keçirildi", - deyə T.Berk bildirib.
Nazir əlavə edib ki, Avstraliya rəsmiləri fikrini dəyişən futbolçunun bu addımının öz qərarı olduğuna əmin olublar.