Ərdoğan nöqtəni qoydu -
Dünya
718
14:30, Bu gün

Ərdoğan nöqtəni qoydu - "Macəra axtaran varsa, hodri meydan!"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlament qrup toplantısında regionda baş verən hadisələrlə bağlı açıqlamalar verib.
 
Moderator.az-ın məlumatına görə, Ərdoğan uzun müddətdir bölgədə davam edən böhran və qarşıdurmalardan danışıb: 
 
“Bölgəmizdə uzun müddətdir böhranların və qarşıdurmaların ardı-arası kəsilmir. Son olaraq İsrailin təxribatları nəticəsində qonşumuz İrana qarşı başlayan müharibə ağır dağıntılara səbəb olub. Problemlərin masa arxasında həll olunması ehtimalı varkən, təxribatlar nəticəsində bölgəmiz yenidən qan və barıt qoxusuna bürünüb. İlk gün 175 qız şagird öldürüldü. İranda həyatını itirənlərin sayı 2 minə çatıb.”
 
“Dünya bunun bədəlini ödəyəcək”
 
Ərdoğan vurğulayıb ki, İrana qarşı hücumlar qlobal iqtisadiyyata da ciddi təsir göstərir:
 
“İrana qarşı hücumlar qlobal iqtisadiyyata da ciddi təzyiq yaradır. Bütün dünya bu müharibənin bədəlini ödəməyə hazırlaşır. Burada bir məqamı xüsusi qeyd etmək istəyirəm; Türkiyə olaraq böhran anlarında dost ölkələrə arxa çevirən bir ölkə deyilik. Biz heç vaxt  "mənə toxunmayan ilan min il yaşasın" deyən bir ölkə olmamışıq. Biz böhranların həlli üçün risk və məsuliyyət götürən bir dövlət və hökumətik. Türkiyə ətrafındakı böhranlara biganə qala bilməz.”
 
“Bu müharibə böyümədən dayandırılmalıdır”
 
Türkiyə lideri bildirib ki, Ankara münaqişənin başladığı gündən diplomatik təmaslarını davam etdirir:
 
“Toqquşmaların başladığı gündən indiyə qədər həm İran, həm Birləşmiş Ştatlar, həm də region ölkələri ilə təmaslar qurduq. Bu çərçivədə 20-dən çox telefon danışığı apardım. Digər həmkarlarımız da eyni şəkildə qarşı tərəflərlə daim əlaqə saxlayırlar.”
 
Ərdoğan əlavə edib ki, Türkiyə müharibənin böyüməməsi üçün diplomatik səylərini davam etdirir:
 
“Hazırda da silahların susması üçün ümidimizi itirməmişik. Bu müharibə böyümədən və bölgəni tamamilə alova bürümədən dayandırılmalıdır. Diplomatiyaya imkan verilərsə, buna nail olmaq mümkündür. Yenidən danışıqlar masasına qayıdılması və diplomatiyanın işə salınması üçün təşəbbüslərimizi səbir və qətiyyətlə davam etdiririk.”
 
“Məzhəb qarşıdurması yaratmaq istəyirlər”
 
Ərdoğan çıxışında bildirib ki, başda məzhəb qarşıdurmaları olmaqla, bölgədə həyata keçirilmək istədikləri qanlı ssenarilərə qarşı Türkiyə bütün tədbirləri görür:
 
“Eyni zamanda başda məzhəb qarşıdurmaları olmaqla, bölgəmizdə rellaşdırmaq istədikləri qanlı ssenarilərə qarşı da lazımi tədbirləri alırıq. Dünən Milli Müdafiə və Xarici İşlər nazirlərimiz Parlamentimizi (TBMM) qapalı iclasda məlumatlandırdı.”
 
“İrq, məzhəb, din, dil və mənşə ayrı-seçkiliyini rədd edirik”
 
Türkiyə Prezidenti vurğulayıb ki, Türkiyə həm bölgədə, həm də qonşu İran xalqına heç vaxt “bu Şiədir, bu Sünnidir, bu Türkdür, bu Kürddür” kimi yanaşmayıb:
 
“Biz bölgəmizin bütün xalqlarına olduğu kimi, qardaş İran xalqına da belə baxmamışıq və baxmırıq. Millət olaraq bizim üçün ərəb, kürd, sünni, şiə deyil, yalnız insan vardır. Haqsızlığa uğrayan, çətinlik çəkən kim varsa, biz onun yanındayıq. Daha əvvəl qonşumuz İraqda, Somali, Suriyada, Rusiya-Ukrayna müharibəsində də bunu etmişik. İrq, məzhəb, din, dil və mənşə ayrı-seçkiliyini rədd edirik. Bu gün bir daha vurğulayıram: Bizim "Sünnilik, Şiəlik" kimi dinimiz yoxdur. Bizim tək dinimiz var, o da İslamdır. Hz. Əli bizim, Hz. Ömər bizimdir, Hz. Ayşə valideynimiz bizimdir, Hz. Zeynəb anamız da bizimdir.”
 
Ərdoğan sosial mediada məzhəbçiliyin qızışdırıldığını da diqqətə çatdırıb:
 
“Sosial mediada məzhəbçiliyin qızışdırıldığına şahid oluruq. Bugünkü gündəmə gətirilməsi təsadüf deyil. Bizim üçün faydasız müzakirələrdən uzaq durmaq lazımdır. Türkiyə əleyhinə lobbi fəaliyyətlərinin fərqindəyik və biz bu oyuna düşməyəcəyik. Soyuqqanlılığımızı qoruyacağıq. Bu millət sıradan bir millət deyil. 15 İyulda yalnız içimizdəki xainləri deyil, onların ipini tutanları da diz çökdürdük.”
 
“Macəra axtarışında deyilik”
 
Ərdoğan Türkiyənin bölgədə sülhü və sabitliyi prioritet etdiyini vurğulayıb:
 
“Türkiyə "Terrorsuz Türkiyə" layihəsi ilə gücünü artırıb. Biz macəra axtarışında deyilik, gərginlik peşində də deyilik. Biz bölgəmizin hər qarışında sülh və sabitliyin hakim olmasından yanayıq. Kim olursa olsun, heç bir ölkənin ərazisinə göz dikmirik, amma əgər torpaqlarımıza göz dikən və macəra axtaran olarsa, ona "hodri meydan" deməkdən çəkinməyəcəyik.”
 
Rumiyyə
 
Link kopyalandı!
Son xəbərlər