Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
Dünya
373
10 Mar 2026 | 22:47

Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb

Tbilisi Apellyasiya Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili barəsində dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı çıxarılan hökmü qüvvədə saxlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "TV Pirveli" telekanalı məlumat yayıb.

Məhkəmə Tbilisi Şəhər Məhkəməsinin qərarını dəyişməyib. Həmin qərara əsasən, Saakaşvili və onun keçmiş mühafizə rəisi Teymuraz Canaşiya dövlət büdcəsinə 9 milyon lari (təxminən 3,3 milyon dollar) ödəməlidirlər.

İstintaqın məlumatına görə, Saakaşvili prezident olduğu dövrdə dövlət vəsaitləri hesabına şəxsi xərclər edib. İddialara əsasən, həmin vəsaitlə pencəklər və paltolar alınıb, bahalı saatlar əldə edilib, kosmetik prosedurlar etdirilib, təyyarə və bahalı avtomobillər icarəyə götürülüb, həmçinin onun oğlunun təhsil haqqı ödənilib. Bu iş Gürcüstanda "pencəklər işi" kimi tanınır.

Xatırladaq ki, Saakaşvili 2022-ci ilin mayından Tbilisidə yerləşən "Vivamed" klinikasında müalicə alırdı. Ötən ilin noyabrında o, yenidən həbsxanaya qaytarılıb. 2025-ci ilin martında isə onun həbs müddəti 2034-cü ilə qədər uzadılıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər