"Asiya Kubokunda İran himnini oxumaqdan imtina edən futbolçuların bir hissəsi təhlükəsizlik səbəbilə vətənə qayıtmamaq qərarı verib..."
Avstralia hakimiyyəti Asiya Kuboku zamanı qalmaqallı hadisənin mərkəzinə düşən İran qadın futbol yığmasının bir neçə üzvünə humanitar viza verdiyini təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
Himn qalmaqalı və sığınacaq qərarı
Söhbət ilk oyundan əvvəl Iran İslam Respublikasının himnini oxumaqdan imtina edən futbolçulardan gedir. Yerli hakimiyyət hesab edir ki, onların vətənə qayıtması təhlükəli ola bilər.
Avstraliyanın immiqrasiya naziri Toni Burke bildirib ki, beş futbolçu polis tərəfindən təhlükəsiz yerə aparılıb və hazırda qorunur. Onun sözlərinə görə, komandanın digər üzvlərinə də istəsələr ölkədə qalmaq imkanı verildiyi bildirilib.
ABŞ prezidenti Donald Tramp da məsələ ilə bağlı çıxış edərək Avstraliyanı bütün komandanı sığınacaqla təmin etməyə çağırıb. Lakin o qeyd edib ki, bəzi oyunçular ailələrinin təhlükəsizliyi ilə bağlı təhdidlərə görə İrana qayıtmaq məcburiyyətində qala biləcəklərini düşünürlər.
Təzyiq və qorxu mühiti
Hadisə Asiya Kubokunda ilk oyundan sonra baş verib. Martın 2-də Cənubi Koreyaya qarşı matçdan əvvəl iranlı futbolçular himn səslənərkən səssiz dayanmışdılar. Sosial şəbəkələrdə yayılan video bu addımı İran hakimiyyətinə etiraz jesti kimi təqdim edib.
Sonrakı oyunlarda isə futbolçular himni oxudular və hətta hərbi salam verdilər. Bu dəyişiklik ictimaiyyətdə onların və ailələrinin təhdid oluna biləcəyi barədə şübhələri artırdı. Məlumatlara görə, komandaya nəzarət etmək üçün İran təhlükəsizlik strukturları ilə əlaqəli şəxs də göndərilmişdi.
İran dövlət mediası futbolçuların ilk addımını kəskin tənqid edib. Teleaparıcı Məhəmməd Rza Şahbazi bunu "müharibə şəraitində vətənpərvərliyin olmamasının zirvəsi" adlandıraraq belə davrananların "xəyanətkar kimi cəzalandırılmalı olduğunu" bildirib. Hüquq müdafiəçiləri isə xəbərdarlıq edir ki, İranda dövlətə xəyanət ittihamı çox ağır cəzalarla nəticələnə bilər.
Beynəlxalq reaksiyalar və idmançıların taleyi
Futbolçuların təhlükəsizliyi ilə bağlı çağırışlar da səslənib. İran əsilli britaniyalı komik Omid Cəlili sosial şəbəkələrdə onların təhlükədə olduğunu yazaraq məlumatın yayılmasını istəyib. "Amnesty International" Avstralia təşkilatının nümayəndələri də Avstraliya hökumətini "mənəvi liderlik göstərməyə" çağırıblar.
Eyni zamanda İranın devrilmiş monarxının oğlu Rza Pəhləvi də futbolçulara sığınacaq verilməsini istəyib. Onun sözlərinə görə, himni oxumaqdan imtina "vətəndaş itaətsizliyinin cəsarətli aktıdır" və bu addım İrana qayıdacaqları halda ciddi nəticələr doğura bilər.
Bununla belə, komandanın bəzi üzvləri Avstraliyada qalmaq istəmədiklərini bildiriblər. Baş məşqçi Marziyə Cafari mətbuat konfransında komandanın ölkəyə qayıtmaq istədiyini söyləyib. Turnirdə İran yığması Cənubi Koreya, Avstraliya və Filippinə uduzaraq qrup mərhələsini qələbəsiz başa vurub, lakin onların davranışı idman nəticələrindən daha çox siyasi müzakirələrə səbəb olub.