"Müharibə hələ davam etsə də, tərəflər həm hərbi təzyiqi artırır, həm də mümkün diplomatik çıxış yollarını müzakirə edir..."
Son günlər ABŞ, İran və İsrail rəhbərliyinin açıqlamaları müharibənin gedişi barədə fərqli mənzərə yaradır.
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri yazıb.
Müharibənin gedişi barədə ziddiyyətli qiymətləndirmələr
İranın xarici işlər naziri Abbas Araqçı bildirib ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının İranda hakimiyyət dəyişikliyi planı iflasa uğrayıb. Onun sözlərinə görə, Vaşinqton İranın dayanıqlığını düzgün qiymətləndirməyib.
Nazir qeyd edib ki, ABŞ qısa müddətdə "sürətli və təmiz qələbə" qazanacağını düşünürdü, lakin bu plan baş tutmayıb. Araqçı bildirib ki, İran lazım gəldiyi qədər raket zərbələrini davam etdirməyə hazırdır və ABŞ diplomatiyasına etimad artıq itib. Onun sözlərinə görə, xarici təzyiq əksinə ölkə daxilində birliyi gücləndirib və cəmiyyət yeni ali lider Möctəba Xamenei ətrafında birləşib.
ABŞ və İsrail hərbi təzyiqi artırır
Vaşinqton isə əks mövqe sərgiləyir. ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, son günlər İran ərazisinə qarşı ən intensiv hava zərbələri endirilib və kampaniya başlayandan bəri 5 mindən çox hədəf vurulub. ABŞ hərbi rəhbərliyi iddia edir ki, bu əməliyyatlar İranın hərbi potensialını ciddi zəiflədib.
Bildirilir ki, İranın ballistik raket buraxılışları 90 faiz, zərbə dronlarının istifadəsi isə 83 faiz azalıb. İsrailin xarici işlər naziri Gideon Saar isə bildirib ki, ölkəsi "sonsuz müharibə" istəmir, lakin İran təhlükəsi tam aradan qalxana qədər əməliyyatlar davam edə bilər.
Neft və diplomatik çıxış yolları
Müharibə qlobal enerji bazarına da təsir edir. İran hərbi dairələri hücumlar davam edərsə regiondan "bir damla belə neftin çıxmasına imkan verilməyəcəyini" bildiriblər. Buna cavab olaraq Tramp tankerlərin Hörmüz boğazından keçidi bloklansa, Vaşinqtonun "qəzəb və hiddətini" artıracağını deyib.
Bununla yanaşı, Tehran artıq mümkün atəşkəs şərtlərini də müzakirə edir. İran rəsmiləri bildirir ki, müharibənin dayandırılması üçün əsas şərt ABŞ və İsrail tərəfindən "aydın təhlükəsizlik zəmanətlərinin" verilməsidir.
Eyni zamanda Rusiya, Çin və Fransa mümkün razılaşma üçün vasitəçilik səyləri göstərir. Analitiklərin fikrincə, Trampın "müharibə demək olar ki, bitib" sözləri də məhz bu diplomatik proseslərlə bağlı ola bilər.