Dünya
493
10 Mar 2026 | 21:20

"Tramp nazirlərini niyə "yəhidi ayaqqabısı" geyinməyə məcbur edir?" - "Ynet" (İsrail)

"ABŞ prezidentinin sevdiyi "Florsheim" markalı qara oksford tufliləri Ağ evdə həm status rəmzinə, həm də sadiqlik yoxlamasına çevrilib..."

ABŞ prezidenti Donald Tramp son vaxtlar qeyri-adi bir vərdişlə diqqət çəkir: o, administrasiyasında çalışan yüksək vəzifəli şəxslərin müəyyən bir marka ayaqqabı geyinməsini istəyir.

Moderator.az xəbər verir ki, bu barədə İsrailin "Ynet" nəşri yazıb.

Nəşrin yazdığəna görə, söhbət ABŞ-da istehsal olunan "Florsheim" şirkətinin qara oksford tuflilərindən gedir. Bu ayaqqabılar bir vaxtlar pop musiqisinin əfsanəsi Maykl Cekson tərəfindən geyinildiyi üçün məşhurlaşıb.

Məhz həmin tuflilərlə o, məşhur "ay yürüşü" rəqsini ilk dəfə səhnədə nümayiş etdirib. Qiyməti təxminən 145 dollar olan bu model ABŞ-da geniş yayılıb və nisbətən ucuz hesab olunur. Lakin Ağ evdə bu tuflilər artıq sadə geyim elementi deyil - onlar Trampın administrasiyasında müəyyən mənada status rəmzinə çevrilib.

Ağ evdə yeni "dress-kod"

Məlumata görə, Tramp tez-tez nazirlərə və yüksək vəzifəli məmurlara bu ayaqqabıları hədiyyə edir. Hətta bəzi hallarda o, nazirlər kabinetinin iclasının əvvəlində əməkdaşlardan göndərdiyi ayaqqabıları alıb-almadıqlarını soruşur.

ABŞ-ın nüfuzlu qəzeti "The Wall Street Journal" yazır ki, artıq bir çox yüksək vəzifəli məmur bu hədiyyəni alıb. Onların arasında vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, nəqliyyat naziri Şon Daffi, müdafiə naziri Pit Heqset və ticarət naziri Hovard Lutnik də var.

Mənbələrin sözlərinə görə, Ağ evdə bəzi məmurlar bu ayaqqabıları geyinməməkdən çəkinirlər. Hətta bir nazir bildirib ki, bahalı "Louis Vuitton" tuflilərini çıxarıb Trampın göndərdiyi sadə dəri ayaqqabıları geyinməli olub. Bəzi hallarda isə prezident məmurlardan Oval kabinetdə kameralar qarşısında həmin tufliləri geyinmələrini xahiş edir ki, bu da onların xeyli narahatlığına səbəb olur.

Bir ayaqqabının arxasında maraqlı tarix

Trampın bu ayaqqabılara marağı 2025-ci ilin sonunda başlayıb. Rahat ayaqqabı axtaran prezident sonda seçimini "Florsheim" markasında saxlayıb. Şirkət 1892-ci ildə Çikaqoda alman-yəhudi mənşəli ayaqqabı ustası Ziqmund Florshaym tərəfindən yaradılıb. Tarix boyu bu şirkət ABŞ ordusunu hər iki dünya müharibəsi dövründə ayaqqabı ilə təmin edib və hətta keçmiş prezident Harri Truman da bu markanı geyinənlərdən biri olub.

Maraqlıdır ki, şirkət rəhbərliyi Trampın bu təşəbbüsündən rəsmi olaraq xəbərsiz olduğunu bildirir və Ağ evlə əlaqələrdən uzaq durmağa çalışır. Buna baxmayaraq, jurnalistlər "The New York Times" qəzetinin Ağ evə səfəri zamanı Vens və Rubionun Trampdan aldıqları tufliləri qürurla nümayiş etdirdiyini qeyd ediblər.

Bununla belə, bu hədiyyələrin bəzi mənfi tərəfləri də var. Məsələn, Rubionun Kapitoliy təpəsində çəkilmiş fotolarında ayaqqabının ona bir qədər böyük olduğu diqqət çəkib. Moda mütəxəssisləri isə xəbərdarlıq edir ki, ölçüyə uyğun olmayan ayaqqabı sağlamlıq problemlərinə səbəb ola bilər və Ağ evdə bu məsələyə peşəkar yanaşma lazım ola bilər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər