Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) Malatyada hava hücumundan müdafiə tədbirləri çərçivəsində bir Patriot sisteminin yerləşdiriləcəyini açıqlayıb.
Moderator.az-ın məlumatına görə, Nazirliyin yaydığı rəsmi bəyanatda bildirilib ki, bu addım NATO çərçivəsində hava məkanının təhlükəsizliyini gücləndirmək məqsədilə atılır.
Açıqlamada vurğulanıb ki, Türkiyə Silahlı Qüvvələri ölkənin və vətəndaşların təhlükəsizliyini təmin etməkdə qətiyyətlidir. Bildirilib ki, bölgədə baş verən son hadisələr fonunda sərhədlərin və hava məkanının qorunması üçün lazımi tədbirlər görülür və bu proses NATO müttəfiqləri ilə koordinasiya şəklində həyata keçirilir.
Nazirliyin bəyanatında qeyd olunub:
“Türkiyə Silahlı Qüvvələrimizin ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etməkdə qətiyyəti tamdır. Bölgədə baş verən son inkişaflar çərçivəsində sərhədlərimizin və hava məkanımızın qorunması üçün lazımi tədbirlər görülür, NATO və müttəfiqlərimizlə məsləhətləşmələr aparılır. Milli səviyyədə görülən tədbirlərə əlavə olaraq NATO tərəfindən havadan və raketdən müdafiə tədbirləri gücləndirilib. Bu çərçivədə hava məkanımızın qorunmasına dəstək vermək məqsədilə Malatyada bir Patriot sistemi yerləşdirilir.”
10 mart 2026-cı il tarixli açıqlamada Türkiyənin regional sülh və sabitliyin qorunması istiqamətində beynəlxalq əməkdaşlığı davam etdirəcəyi də qeyd olunub.
Malatyada yerləşdiriləcək sistemin ölkənin mövcud hava hücumundan müdafiə imkanlarını gücləndirən əlavə bir element kimi fəaliyyət göstərəcəyi bildirilib.
Rumiyyə
