ABŞ-nin xüsusi xidmət orqanları İrandan göndərilən və xaricdəki "yatmış agentlər" üçün nəzərdə tutulduğu ehtimal edilən şifrəli mesajları ələ keçirib.
Moderator.az bu barədə "ABC News" telekanalına istinadən xəbər verir.
"Ötürülən bu məlumatlar ölkə hüdudlarından kənarda fəaliyyət göstərən və əvvəlcədən yerləşdirilmiş "yatmış agentləri" aktivləşdirmək və ya onlara təlimatlar vermək üçün nəzərdə tutulmuş ola bilər", - deyə məlumatda vurğulanır.
Qeyd edilir ki, şifrəli mesajların İranın sabiq ali lideri Əli Xameneinin öldürülməsindən sonra radio vasitəsilə göndərildiyi ehtimal edilir və bəzi Qərb ölkələrindəki İran agentləri üçün təlimatları ehtiva edə bilər. Bununla belə, hazırkı məqamda bu mesajların məzmununu tam müəyyən etmək mümkün olmayıb.
Bununla yanaşı, əgər sözügedən məlumatlar öz təsdiqini taparsa, siqnalları alan şəxslərin İrana qarşı hücumlara cavab olaraq hərəkətə keçməsi ehtimal olunur.