Dünya
903
22:10, Bu gün

"Dəmir əsaslı yeni maddə vərəmi tam məhv etdi" - Elmi tədqiqat

"Nanohissəciklər vasitəsilə vərəm bakteriyaları tam məhv edilir..."

Dəmir əsaslı birləşmədən hazırlanmış yeni preparat laboratoriya təcrübələrində vərəm bakteriyasını qısa müddətdə məhv etməyi bacarıb.

Moderator.az xəbər verir ki, bu barədə "science.mail.ru" nəşri yazıb.

Yeni yanaşma: nanohissəciklər və dəmir birləşməsi

Braziliyada yerləşən "Araraquara School of Pharmaceutical Sciences" alimləri vərəmə qarşı yeni müalicə üsulu üzərində aparılan tədqiqatın ümidverici nəticələrini açıqlayıblar. Araşdırma "ACS Omega" elmi jurnalında dərc olunub.

Tədqiqatçılar dəmir əsaslı xüsusi kimyəvi birləşməni lipid nanohissəciklərin daxilində yerləşdiriblər. Bu texnologiya maddənin qorunmasını və tədricən sərbəst buraxılmasını təmin edir. Siçanlar üzərində aparılan təcrübələrdə bu preparat cəmi 30 gün ərzində ağciyərlərdəki vərəm bakteriyalarını tamamilə məhv edib.

Maddənin əsas komponenti 1950-ci illərdən məlum olan dəmir sulfat və orto-fenantrolin kompleksindən ibarət birləşmə - ferroindir. Laboratoriya testləri göstərib ki, bu maddə bəzi antibiotiklərin təsirini gücləndirir və bakteriyaların hüceyrə divarını zədələyərək onları məhv edir.

Uzun və çətin müalicəyə alternativ

Vərəm hələ də dünyanın ən təhlükəli bakterial infeksiyalarından biri sayılır. Ümundünya Səhiyyə Təşkilatının məlumatına görə, müalicə olunmadıqda xəstəlik halların təxminən 50 faizində ölümə səbəb olur. Müalicə aparıldıqda isə xəstələrin təxminən 85 faizi sağalır.

Hazırkı standart terapiya ən azı dörd antibiotikin altı ay ərzində hər gün qəbul edilməsini tələb edir. Bakteriyalar dərmanlara davamlı olduqda isə müalicə iki ilə qədər uzana bilər. Bu isə xüsusilə sosial baxımdan həssas qruplar üçün müalicə rejiminə əməl etməyi çətinləşdirir.
Alimlər qeyd edir ki, bəzi xəstələr müalicəni yarımçıq dayandırır və bu da bakteriyalarda dərmanlara qarşı davamlılığın yaranmasına səbəb olur.

Ümidverici nəticələr və gələcək planlar

Tədqiqat müəlliflərindən biri, vərəm əleyhinə dərmanların araşdırılması üzrə koordinator Fernando Rogerio Pavan nəticələrin gözləniləndən də yaxşı olduğunu deyir. Onun sözlərinə görə, alimlər əvvəlcə sadəcə bakteriyaların sayının azalacağını gözləyirdilər, lakin testlər göstərib ki, preparat bütün bakteriyaları tam məhv edir.

Siçanlar üzərində aparılan təcrübələrdə yeni preparat Braziliya səhiyyə sistemində geniş istifadə olunan antibiotikdən daha effektiv nəticə göstərib. Alimlər vurğulayır ki, insan üzərində klinik sınaqlara qədər hələ vaxt lazımdır. Lakin gələcək araşdırmalar təhlükəsizlik və effektivliyi təsdiqləsə, bu üsul vərəm müalicəsini daha qısa, daha əlçatan və bakteriyaların dərmanlara davamlılıq riskini xeyli azalda bilər.

Link kopyalandı!
Son xəbərlər