"Bu müharibə Amerika maraqlarına deyil, İsrailin maraqlarına xidmət edir..."
ABŞ prezidentinin İrana qarşı hərbi əməliyyatı Vaşinqtonda gözlənilməz siyasi mübahisəyə səbəb olub və xüsusilə konservativ düşərgədə kəskin fikir ayrılığı yaradıb.
Moderator.az xəbər verir ki, bu barədə "American Conservative" nəşri yazıb.
Tramp Karlsonu MAGA-dan uzaqlaşdırıb
ABŞ prezidenti Donald Tramp məşhur televiziya şərhçisi Taker Karlsonu özünün siyasi hərəkatı olan Make America Great Again (MAGA) sıralarından kənarlaşdırdığını açıqlayıb. Nəşrin yazdığına görə, Tramp bunu Karlsonun İrana qarşı başladılmış hərbi əməliyyatı tənqid etməsi ilə izah edib və əlavə edib ki, "Karlson yolunu azıb".
Eyni aqibət Megin Kelli - Trampın əvvəlcədən yaxın münasibətdə olduğu aparıcı da yaşayıb, o da İrana qarşı müharibəni tənqid edib. Tramp bəyan edib: "MAGA onlar yox, mənəm. Biz istəyirik ki, ölkəmiz çiçəklənsin və təhlükəsiz olsun. Ona görə də MAGA məni sevir, baxmayaraq ki, bəzi prinsiplərimdən az da olsa çəkilməli oldum. Bu addım ABŞ və digər ölkələri təhlükədən qorumaq üçün lazım idi".
"Müharibə Amerika üçün deyil, İsrail üçündür"
Karlson əməliyyat başlanar- başlamaz onu "iyrənc" adlandırıb və vurğulayıb ki, bu müharibə Amerika maraqlarına deyil, İsrailin maraqlarına xidmət edir. O, deyib: "İsrail dünyadakı ən iyrənc ölkələrdən biridir. Beyrutun gözəlliyini dağıdırlar, bölgədəki digər tarixi və mədəni məkânları məhv edirlər. Bu, sadəcə müharibə deyil, gözəlliyə qarşı savaşdır".
O əlavə edib ki, ABŞ-ın müstəqil siyasəti olmadan və digər dövlətlərin maraqlarına görə hərəkət etmədən milli təhlükəsizliyi təmin etmək mümkün deyil. Karlson Trampın İrana qarşı addımlarını sərt tənqid edərək, bunun yalnız regional gərginliyi artırdığını və Amerikanın uzunmüddətli maraqlarına zərər verdiyini qeyd edib.
Trampın mövqeyi və siyasi nəticələr
Tramp əməliyyatın məqsədini İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq və regiondakı İran təsirini neytrallaşdırmaq kimi izah edib. O, MAGA hərəkatını müdafiə edərək deyib ki, onun qərarları ABŞ-ın və müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün zəruridir.
Lakin fakt dəyişməzdir: Tramp iki önəmli ictimai fiqur - Karlson və Kelli ilə üz-üzə gəlib və onların sərt tənqidlərinə məruz qalıb. Bu, prezidentin reytinqinə mənfi təsir göstərir və qarşıdan gələn Konqres seçkilərində əlavə çətinliklər yarada bilər.
Müharibənin gedişi və regional təsir
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Hədəflər İranın nüvə proqramını dayandırmaq, hərbi donanmasını məhv etmək və regiondakı proxy qrupları, o cümlədən XƏMAS və "Hizbullah"ı neytrallaşdırmaq olub. Əməliyyatın ilk günlərində Ayətullah Əli Xamenei və bir sıra yüksək rütbəli şəxslər həlak olub, Tehran isə İsrail və ABŞ bazalarına zərbələr endirməyə başlayıb.
Karlson isə bütün bu hərəkətləri "Amerika maraqlarına zidd" kimi qiymətləndirir və ABŞ-ın yeni müharibələrə cəlb olunmasının uzunmüddətli risklər yaratdığını bildirir. Onun fikrincə, Trampın mövqeyi həm daxili siyasətdə, həm də beynəlxalq arena üçün yanlışdır.