Dünya
2116
08 Mar 2026 | 14:20

"Rusiyadan İrana kəşfiyyat məlumatı ötürməməsi qətiyyətlə tələb olunub" - Uitkoff

"Vaşinqton Moskvanı Yaxın Şərqdə münaqişəni daha da genişləndirə biləcək addımlardan çəkinməyə çağırır..."

ABŞ administrasiyası Yaxın Şərqdə ABŞ və İsrailin hava zərbələri fonunda Rusiyanı İrana kəşfiyyat məlumatı ötürməmək barədə xəbərdar edib.
Bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib.

Moderator.az xəbər verir ki, məlumatı "Azadlıq Radiosu" yayıb.

Vaşinqtonun Moskvaya sərt xəbərdarlığı

Uitkoff ABŞ prezidentinin "Air Force One" təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib ki, o, Moskva tərəfinə İrana kəşfiyyat məlumatı ötürməməsi barədə açıq mesaj verib.
"Bu məsələni qətiyyətlə bildirdim", - deyə o, Rusiyaya belə məlumatların ötürülməməsi barədə xəbərdarlıq etdiyini söyləyib.

ABŞ rəsmiləri daha əvvəl anonim şəkildə bildiriblər ki, Rusiya İrana Yaxın Şərqdə ABŞ hərbçilərinə və Amerika obyektlərinə qarşı hücumlarda istifadə oluna biləcək məlumatlar verə bilər. Bu barədə "The Washington Post" da yazıb və Moskvanın regiondakı münaqişənin genişlənməsində dolayı rol oynaya biləcəyini qeyd edib.

Trampın mövqeyi və Konqresdə tənqid

ABŞ prezidenti Donald Tramp isə Rusiyanın İrana yardım göstərməsi barədə məlumatların təsdiqlənmədiyini bildirib. Onun sözlərinə görə, belə bir yardım olsa belə, İran bundan ciddi nəticə əldə etmir.

Bununla yanaşı, ABŞ Konqresində bu xəbərlər kəskin tənqidə səbəb olub. Demokrat senator Cin Şahin Moskvanın bu cür addımlarının Rusiyadan gələn təhlükəni artırdığını bildirib.

Respublikaçı konqresmen Don Beykon isə Rusiya ilə İranın uzun müddətdir sıx əlaqələrə malik olduğunu xatırladaraq Ukraynaya dəstəyin artırılmasına çağırıb. O, xüsusilə F-16 "Fighting Falcon" qırıcılarının, hava hücumundan müdafiə sistemlərinin və digər silahların verilməsini təklif edib.

Rusiya ilə İran arasında hərbi əməkdaşlıq uzun müddətdir davam edir. Tehran Moskvaya çoxlu sayda "Shahed" kamikadze dronları verib və bu dronlar Ukrayna şəhərlərinə və enerji infrastrukturuna qarşı hücumlarda istifadə olunur.

Link kopyalandı!
Son xəbərlər