Tehranın qubernatoru Məhəmməd Sadiq Motamedian İran Dövlət Televiziyasının efirində bildirib ki, ABŞ və İsrailin hava zərbələri fonunda paytaxtda yanacaqla bağlı müvəqqəti qıtlıq müşahidə olunur.
Moderator.az xəbər verir ki, rəsmi şəxs zərbələrin Tehranın bir neçə rayonundakı neft anbarlarına endirildiyini söyləyib.
"Bu hücumlar yanacaq təchizatında problemlər yaradıb. Nəticələrin aradan qaldırılması 2-3 gün çəkəcək", - o dəqiqləşdirib.
Qubernator həmçinin paytaxt regionunun sakinlərindən zərurət olmadıqda səfərlərdən çəkinməyi və yanacağa qənaət etməyi xahiş edib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. ABŞ və İsrailin hava zərbələri nəticəsində İranın ali rəhbəri Əli Xamenei fevralın 28-i səhər saatlarında öldürülüb, lakin İranda bu məlumat yalnız martın 1-də təsdiqlənib. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.