Dünya
586
07 Mar 2026 | 21:41

"Ən qorxulusu odur ki, Tramp özü nə istədiyini bilmir" - "Le Nouvel Observateur" ( Fransa)

"İranla müharibəyə başlayan ABŞ prezidenti Donald Trampın aydın strategiyası yoxdur..."

ABŞ prezidenti Donald Tramp İranla müharibəyə başlayaraq, görünür, bundan sonra nə edəcəyini özü də dəqiq bilmir.

Moderator.az xəbər verir ki, bu barədə Fransanın "Le Nouvel Observateur" nəşri yazıb.

Nəşrin fikrincə, hadisələr ən pis ssenari üzrə inkişaf edə və müharibə alovu yarım dünyanı bürüyə bilər. Məqalədə qeyd olunur ki, İsrailin baş naziri Benyamin Netanyahu ilə birlikdə hərəkət edən Tramp regionda genişmiqyaslı müharibəyə start verib. İstifadə olunan hərbi gücün miqyası və qərarların tələsik verilməsi isə dünyada ciddi qeyri-müəyyənlik yaradıb.

Trampın əvvəlki bəyanatları

Nəşr xatırladır ki, vaxtilə Yaxın Şərqdə ABŞ siyasətini "fəlakət" adlandıran və regionda yeni müharibələrə qarşı çıxan da məhz Tramp olub. O, 2016-cı ildə Barak Obama və Corc Buşu tənqid edərək ABŞ-ın regionda müharibə aparmasını "prezidentlərin ən pis qərarlarından biri" adlandırıb. Hətta Tramp prezidentliyinin uğurunun "başlatmadığı müharibələrlə ölçüləcəyini" də deyib. Lakin nəşrin fikrincə, bu mövqe artıq dəyişib.

Regionda yeni böyük müharibə

Məqalədə bildirilir ki, 2025-ci ildə Trampın əmri ilə həyata keçirilən hərbi zərbələrin sayı Co Baydenin bütün prezidentliyi dövründə verdiyi qərarlardan daha çox olub. ABŞ və İsrailin İrana qarşı başladığı "Epik qəzəb" əməliyyatı isə 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən sonra regionda ən böyük hərbi qarşıdurma hesab olunur.

Nəşr qeyd edir ki, İran hakimiyyətinə simpatiya göstərmək üçün səbəb yoxdur. Çünki ölkənin ali dini lideri Ayətullah Əli Xamenei uzun illər beynəlxalq münasibətlərdə gərginliyin artmasına səbəb olan siyasət yürüdüb və müxtəlif silahlı qrupları dəstəkləyib.

Beynəlxalq hüququn pozulması və risklər

Bununla belə, müəllif hesab edir ki, müharibənin gələcək inkişafı ciddi narahatlıq doğurur. İran İnqilab Keşikçiləri Korpusu bombardmanlara baxmayaraq hakimiyyətini qorumağa çalışır və imkan tapdığı hər yerdə cavab zərbələri endirməyə hazırdır. Belə hücumların Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və hətta Kipr kimi ölkələrə də yönələ biləcəyi ehtimal edilir. Bu isə iqtisadi və enerji baxımından qlobal nəticələrə səbəb ola bilər.

Trampın məqsədi nədir?

Nəşr sual edir: Tramp bu təhlükəli avantürada nə qədər irəli gedəcək? O, İran rejimini devirmək, yoxsa ölkəni ABŞ-dan asılı vəziyyətə salmaq istəyir?
Məqalə müəllifinin fikrincə, ən qorxulu məqam odur ki, görünür, Tramp özü də bu sualın cavabını bilmir.

O, beynəlxalq hüququ və ABŞ Konqresinin mövqeyini nəzərə almadan qərarlar verir və aydın strateji məqsəd müəyyən etmədən müharibəyə başlayıb. Qeyd olunur ki, əməliyyatın ilk 72 saatında artıq altı amerikalı hərbçi həlak olub. Müəllif hesab edir ki, "Epik qəzəb" əməliyyatı sonda Trampın özünə qarşı da çevrilə və dünyanı daha geniş müharibə təhlükəsi ilə üz-üzə qoya bilər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər