Dünya
371
20:47, Bu gün

"Ukrayna "Shahed" dronlarına qarşı texnologiyanı ixrac etməyə hazırlaşır"  "Reuters"

"Kiyev Yaxın Şərq ölkələri və ABŞ ilə danışıqlar aparır, qarşılığında isə maliyyə və HHM raketləri əldə etməyi planlaşdırır..."

Ukrayna Yaxın Şərq ölkələri və ABŞ ilə pilotsuz aparatlara qarşı mübarizə texnologiyalarının ixracı barədə danışıqlar aparır. Söhbət əsasən düşmən dronlarını məhv etmək üçün yaradılmış ucuz dron-tutuculardan gedir.

Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri yazıb.

Ukrayna dron-tutucularına beynəlxalq maraq artır

Ukrayna müdafiə sənayesi nümayəndələri bildirirlər ki, ölkə bu sahədə real döyüş şəraitində sınaqdan keçmiş təcrübə toplayıb. Müharibə illərində Ukrayna ordusu minlərlə İran istehsalı "Shahed-136" tipli dronu məhv etmək üçün yeni və daha ucuz üsullar hazırlayıb. Bu texnologiyalara xüsusilə Yaxın Şərq ölkələri maraq göstərir.

Artıq ABŞ və Qətər Ukrayna istehsalı dron-tutucuların alınması imkanlarını müzakirə edir.
Ukraynanın pilotsuz aparat istehsalçılarından biri olan "SkyFall" şirkəti bildirir ki, onların istehsal etdiyi P1-SUN modeli son dörd ayda 1500-dən çox "Shahed" və 1000-ə yaxın digər dronu məhv edib. Şirkətin hesablamasına görə, ayda 50 minə qədər dron-tutucu istehsal etmək mümkündür və onların bir hissəsi ixrac oluna bilər.

Ucuz texnologiya bahalı raketləri əvəz edir

Ekspertlər qeyd edirlər ki, Ukraynanın hazırladığı bu sistemlər iqtisadi baxımdan çox sərfəlidir. Dron-tutucuların qiyməti bir neçə min dollar civarındadır. Müqayisə üçün, "Patriot PAC-3" raketinin qiyməti təxminən 4 milyon dollardır. İranın "Shahed" dronlarının qiyməti isə 50-100 min dollar civarındadır.

Bununla belə, bu sistemlərin başqa ölkələrdə istifadəsi üçün əsas problem texnika deyil, operatorların hazırlanmasıdır. Hazırda bu dronları real döyüş şəraitində geniş istifadə təcrübəsinə malik yeganə ölkə Ukraynadır.

Kiyevin məqsədi: maliyyə və "Patriot" raketləri

"Politico" yazır ki, Kiyev bu texnologiyaları paylaşmaq müqabilində maliyyə və hərbi dəstək əldə etməyə çalışır. Ukrayna xüsusilə ABŞ-dan "Patriot" HHM sistemi üçün daha çox raket almaq niyyətindədir.


Prezident Vladimir Zelenski də bildirib ki, Ukrayna dron-tutucu texnologiyalarını müttəfiqlərlə paylaşmağa hazırdır. Onun sözlərinə görə, Yaxın Şərq ölkələrinə bu sistemlər lazımdır, Ukraynaya isə "Patriot" raketləri çatışmır.

Link kopyalandı!
Son xəbərlər