Dünya
533
19:20, Bu gün

"Tramp İrandan "şərtsiz kapitulyasiya" tələb edir" - "The New York Times"

"ABŞ prezidenti müharibənin məqsədlərini sərtləşdirir, ekspertlər isə qarşıdurmanın daha da uzana biləcəyini bildirirlər..."

ABŞ prezidenti Donald Tramp İranla müharibə ilə bağlı mövqeyini daha da sərtləşdirərək Tehrandan yalnız "şərtsiz kapitulyasiya" qəbul edəcəyini bildirib.

Moderator.az xəbər verir ki, bu barədə "nyt.com" nəşri yazıb.

Vaşinqtondan sərt mesaj

Bu bəyanat münaqişənin məqsədlərinin genişləndirilməsi kimi qiymətləndirilir və bəzi analitiklər hesab edir ki, belə yanaşma müharibəni qeyri-müəyyən müddətə uzada bilər. ABŞ və İsrail-in hərbi kampaniyasının başlamasından bir həftə keçməsinə baxmayaraq, İran tərəfi kapitulyasiya niyyəti göstərməyib. 

Əksinə, Tehran regiondakı ABŞ hərbi bazalarının yerləşdiyi bəzi ərəb ölkələrinə raket və dron hücumlarını genişləndirib.
Tramp sosial şəbəkələrdəki çıxışlarında İran rəhbərliyini təslim olmağa çağıraraq bildirib ki, ABŞ və müttəfiqləri "İranı məhv olma həddindən geri qaytarmaq üçün fasiləsiz işləyəcəklər".

Müharibənin məqsədləri ətrafında qeyri-müəyyənlik

Prezidentin bu mövqeyi Vaşinqtonda müəyyən çaşqınlıq yaradıb. Ağ Evin sözçüsü Karolin Levitt bildirib ki, "şərtsiz kapitulyasiya" yalnız o zaman elan ediləcək ki, Tramp hərbi məqsədlərin yerinə yetirildiyini hesab etsin. Son günlər ABŞ administrasiyasının məqsədləri bir neçə dəfə dəyişib. Bəzən İran rejiminin dəyişdirilməsi, bəzən isə ölkənin nüvə proqramının və raket potensialının tam məhv edilməsi əsas məqsəd kimi göstərilib.

Tramp öz çıxışlarında İranı Venesuela ilə müqayisə edərək bildirib ki, Vaşinqton bəzən digər ölkələrdə siyasi rəhbərliyin dəyişdirilməsinə təsir göstərə bilir. Eyni zamanda İsrailin baş naziri Benyamin Netanyahu daha radikal mövqe nümayiş etdirir. Onun sözlərinə görə, əsas məqsəd İran rejiminin tam şəkildə dağıdılması və ölkənin nüvə və raket proqramının birdəfəlik neytrallaşdırılmasıdır.

Yeni eskalasiya və diplomatik cəhdlər

Ekspertlər qeyd edir ki, "şərtsiz kapitulyasiya" tələbi müəyyən mənada İkinci Dünya müharibəsindən sonra Yaponiya üzərində tətbiq olunan işğal modelini xatırladır. Həmin dövrdə ölkə yeddi il ərzində xarici nəzarət altında qalmışdı. Lakin analitiklərin fikrincə, bu ssenarini İran kimi böyük və etnik-dini baxımdan müxtəlif olan bir ölkədə həyata keçirmək daha çətin ola bilər.

Bu fonda bəzi ölkələr münaqişəni diplomatik yolla dayandırmağa çalışır. İran prezidenti Məsud Pezeşkian bildirib ki, bir sıra dövlətlər sülh danışıqları təşəbbüsü ilə çıxış edib və Oman, Misir və Türkiyə vasitəçi rolunu oynaya bilər. Pezeşkian həmçinin bəyan edib ki, İran qonşu ölkələrə yalnız onların ərazisindən İrana qarşı zərbələr endirilmədiyi halda hücum etməyəcək.

Bu arada Tramp İranı "Yaxın Şərqin uduzan ölkəsi" adlandıraraq xəbərdarlıq edib ki, Tehran təslim olmasa, ABŞ daha güclü hərbi zərbələri də nəzərdən keçirə bilər. Onun sözlərinə görə, Vaşinqton regionda vəziyyəti diqqətlə izləyir və mümkün yeni addımlar müzakirə olunur.

Link kopyalandı!
Son xəbərlər