Nayrobidə güclü leysan və daşqınlar səbəbindən azı 23 nəfər ölüb
Dünya
212
17:40, Bu gün

Nayrobidə güclü leysan və daşqınlar səbəbindən azı 23 nəfər ölüb

Keniyanın paytaxtı Nayrobidə genişmiqyaslı daşqına səbəb olan güclü leysan nəticəsində azı 23 nəfər ölüb.

Bu barədə Moderator.az BBC-yə istinadən xəbər verir.

"Leysan yağışları 23 nəfərin ölümünə, əmlakın ziyan görməsinə, yolların bağlanmasına və sakinlərin evlərini tərk etmək məcburiyyətində qalmasına səbəb olan ciddi daşqınlara gətirib çıxarıb", - polisin şənbə günü günorta saatlarında yayılan bəyanatında bildirilib.

Polis qeyd edib ki, 30-a yaxın insan xilas edilib, lakin bir çoxu çaylara düşərək boğulub, bəziləri isə elektrik cərəyanı vurması nəticəsində ölüb.

Keniya hərbçiləri avtomobillərində köməksiz qalan insanlara yardım etmək üçün cəlb olunublar. Nayrobi hava limanına uçan bir neçə reys ləğv edilib və ya Mombasa şəhərinə yönəldilib.

Keniya hakimiyyəti sakinlərə su basmış küçələrdən və suötürücü kanallardan uzaq durmağı tövsiyə edib, fövqəladə hallar xidmətinin əməkdaşları isə yolda qalan sürücülərə və piyadalara kömək ediblər.

Daha əvvəl Keniya Meteorologiya Departamenti davamlı güclü yağışlar, eləcə də şəhərlərin su altında qalması ehtimalı və görmə qabiliyyətinin zəifləməsi barədə xəbərdarlıq etmişdi. Çayda suyun səviyyəsinin martın 9-dək yüksələcəyi gözlənilir.

Link kopyalandı!
Son xəbərlər