London
Dünya
296
08:28, Bu gün

London "uşaqsız şəhər"ə çevrilə bilər: Narahatedici statistika

Londonda uşaqların sayı Böyük Britaniyanın digər bölgələri ilə müqayisədə daha sürətlə azalır.
 
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilib ki, buna səbəb daşınmaz əmlakın və uşaq baxımı xərclərinin yüksək olmasıdır. Bu amillər əhalini paytaxtdan kənar bölgələrə köçməyə məcbur edir.
 
Agentlik London Assambleyasının hesabatına istinadən bildirir ki, Böyük Britaniyanın paytaxtı "uşaqsız şəhər"ə çevrilmək riski ilə üz-üzə qalıb.
 
Hesabata görə, son on ildə (2023-cü ilə qədər) paytaxt əhalisinin sayı 506 min nəfər artsa da, 10 yaşdan kiçik sakinlərin sayı 99 min 100 nəfər azalıb. Uşaqların sayının azalması nəticəsində 2018-ci ildən bəri əsasən mərkəzi ərazilərdə fəaliyyət göstərən təxminən 2 500 məktəbdən 100-ü bağlanıb. Hesabatda qeyd olunub ki, bu tendensiya davam edərsə, Britaniya paytaxtı gələcəkdə "uşaqsız şəhər"ə çevrilə bilər.
 
Məlumata görə, Londonda doğum səviyyəsi 2012-ci ildə ən yüksək həddə çatıb. O vaxtdan bəri isə bu göstərici təxminən 20% azalıb.
 
Araşdırma müəllifləri əsas səbəblərdən biri kimi yaşayış xərclərinin yüksək olmasını göstərirlər. Londonda evlərin orta qiyməti orta əməkhaqqından 11,1 dəfə yüksəkdir. İngiltərə üzrə bu göstərici isə 7,7 dəfə təşkil edir. Kirayə haqları ölkə üzrə orta göstəricidən təxminən 60% bahadır. Paytaxtın mərkəzində iki yaşadək uşaqlar üçün uşaq baxımı xərcləri də ölkə üzrə orta göstəricidən təxminən 34% yüksəkdir.
 
Böyük London Administrasiyasının proqnozuna görə, uşaqların sayının azalması 2034-cü ilə qədər davam edəcək. Daha sonra bu göstəricinin tədricən bərpa olunaraq 2024-cü ilin səviyyəsinə çatacağı gözlənilir.
 
Link kopyalandı!
Son xəbərlər