ABŞ–İran gərginliyi Koreyaya da təsir etdi: Rəsmi Seuldan açıqlama
Dünya
651
06 Mar 2026 | 23:55

ABŞ–İran gərginliyi Koreyaya da təsir etdi: Rəsmi Seuldan açıqlama

Birləşmiş Ştatlar və Cənubi Koreya rəsmiləri arasında aparılan danışıqlar Koreya yarımadasında yerləşən Amerika hərbi qüvvələrinin başqa ərazilərə dislokasiyasını nəzərdə tutmur.

Moderator.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın xarici siyasət idarəsinin rəhbəri Cho Hyun parlamentdəki çıxışı zamanı bəyan edib.

Nazir bildirib ki, hazırda tərəflər arasında ABŞ kontingentinə məxsus müəyyən hərbi texnikanın Yaxın Şərq regionuna göndərilməsi ilə bağlı məsləhətləşmələr aparılır. Lakin bu proses hərbçilərin yerdəyişməsini əhatə etmir.

Cho Hyun vurğulayıb ki, İrandakı gərgin vəziyyətlə əlaqədar Vaşinqton Seul hökumətinə həm hərbi, həm də qeyri-hərbi dəstək üçün müraciət edib və tərəflər bu mövzu ətrafında mütəmadi təmasdadırlar.

Daha əvvəl Cənubi Koreya mətbuatı yazmışdı ki, ABŞ və İran arasındakı münaqişə uzanacağı təqdirdə, Vaşinqton Cənubi Koreyadakı bəzi resurslarını, xüsusilə də "Patriot" hava hücumundan müdafiə sistemlərini Yaxın Şərqə yönləndirə bilər.

"Yonhap" agentliyinin yaydığı məlumata görə, martın 6-da ABŞ qüvvələri Osan aviabazasına "Patriot" raketləri gətirib və ərazidə C-17 hərbi-nəqliyyat təyyarələri qeydə alınıb.

Xatırladaq ki, fevralın 28-də Birləşmiş Ştatlar və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran başda olmaqla bir sıra şəhərlər bombardman edilib. İran tərəfi isə cavab olaraq İsrailin hədəflərinə və ABŞ-nin regiondakı obyektlərinə hücumlar həyata keçirib.

Zərbələr nəticəsində İranın ali lideri Əli Xamenei və digər yüksəkrütbəli rəsmilərin həyatını itirdiyi bildirilir.

Link kopyalandı!
Son xəbərlər