Şri-Lanka İran gəmisini nəzarətə götürdü: 200-dən çox dənizçi təxliyə edilir
Dünya
476
06 Mar 2026 | 23:20

Şri-Lanka İran gəmisini nəzarətə götürdü: 200-dən çox dənizçi təxliyə edilir

Şri-Lanka hökuməti İranın "IRIS Buşehr" gəmisindən daxil olan fəlakət siqnalına reaksiya verərək gəmini öz nəzarəti altına alıb və 200-dən artıq dənizçini quruya təxliyə etməyə başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) nəşri məlumat yayıb.

Şri-Lanka Prezidenti Anura Kumara Dissanayake bildirib ki, dövlət orqanları İran tərəfi və gəmi kapitanı ilə aparılan danışıqların nəticəsi olaraq "IRIS Buşehr" gəmisinin idarəçiliyini ələ almaq barədə qərar veriblər. Onun sözlərinə görə, gəminin mühərriklərindən birində ciddi nasazlıq yaranıb.

SCMP-nin məlumatına görə, əvvəllər vertolyot meydançası olan dəniz logistika gəmisi kimi xarakterizə edilən "IRIS Buşehr" gəmisinin heyəti hazırda Kolombo limanına daşınır. Daha sonra gəminin ölkənin şərq limanlarından birinə aparılması planlaşdırılır və bəzi heyət üzvləri müşayiətçi qismində göyərtədə saxlanılacaq.

Nəşrin məlumatına əsasən, bu addım ABŞ sualtı qayığının Şri-Lanka suları yaxınlığında İranın "IRIS Dena" hərbi gəmisini batırmasından dərhal sonra atılıb. Həmin gəmi beynəlxalq sulara qayıtmazdan əvvəl Hindistanın təşkilatçılığı ilə keçirilən hərbi dəniz təlimlərinə qatılmışdı.

ABŞ-nin hərb naziri Pit Heqset İran gəmisinin Amerika sualtı qayığından buraxılan torpedo ilə vurulduğunu təsdiqləyib və hadisənin videogörüntüsünü paylaşıb.

Şri-Lanka Hərbi Dəniz Qüvvələri 32 dənizçinin xilas edildiyini, 87 nəfərin isə cəsədinin tapıldığını bildirib. Təqribən 100 nəfərin həlak olduğu barədə məlumatlar var. İran Xarici İşlər Nazirliyi "Dena" gəmisinin göyərtəsində 130-a yaxın şəxsin olduğunu açıqlayıb.

Nazir Abbas Əraqçi hadisəni "dəniz vəhşiliyi" adlandıraraq, ABŞ-nin bu hücuma görə "dərin peşmançılıq hissi keçirəcəyini" vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər