Böyük Britaniya ərazisində İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə və xarici kəşfiyyata dəstək verməkdə ittiham olunan dörd nəfər polis tərəfindən saxlanılıb.
Moderator.az TASS agentliyinə istinadən xəbər verir ki, hadisə ilə bağlı rəsmi bəyanatı Skotland Yard yayıb.
Saxlanılan 22, 40, 52 və 55 yaşlı şəxslərin ölkənin milli təhlükəsizlik haqqında qanunvericiliyini pozduqları ehtimal edilir. Metropolitan Polisinin yaydığı məlumatda qeyd olunur ki, istintaq prosesində diqqət mərkəzində olan dövlət İrandır. Araşdırmalar London şəhərində fəaliyyət göstərən yəhudi icmasına aid obyektlərin və ayrı-ayrı şəxslərin şübhəli şəkildə güdülməsi faktlarına əsaslanır.
Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, cinayət əməllərində iştirak və təhrikçilik şübhəsi ilə əlavə olaraq altı nəfər də saxlanılıb.
Beləliklə, Skotland Yard ümumilikdə 10 nəfər kişi şübhəlinin nəzarət altına alındığını təsdiqləyib.