Qırğızıstanın Oş vilayəti ərazisində hakimiyyət dəyişikliyi cəhdi də daxil olmaqla, müxtəlif məqsədlər üçün istifadəsi nəzərdə tutulan silah-sursat müsadirə olunub.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsinin (DTXK) mətbuat xidməti yayıb.
"Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsi tərəfindən Oş vilayətində mütəşəkkil cinayətkar dəstələrin fəaliyyətinin qarşısının alınması istiqamətində həyata keçirilən əməliyyat-istintaq tədbirləri çərçivəsində iri həcmdə odlu silah və sursat gizlədilən anbar aşkar edilib", - deyə rəsmi məlumatda qeyd olunur.
İstintaq materiallarına əsasən, aşkar edilən bu arsenal xüsusilə ağır cinayətlərin törədilməsi, həmçinin respublikada ictimai-siyasi sabitliyin pozulması üçün hazırlanmışdı. Cinayətkar qüvvələr Qırğızıstan Respublikasında daxili siyasi və sosial-iqtisadi vəziyyətin gərginləşməsini və bunun fonunda maraqlı dağıdıcı qüvvələrin təhriki ilə mövcud hakimiyyətin konstitusiyaya zidd yolla dəyişdirilməsi üçün "əlverişli" məqamın yaranmasını gözləyirdilər.
Əməliyyat nəticəsində 12 ədəd "Kalaşnikov" avtomatı və onlara aid 11 daraq, "Beretta" və "Makarov" markalı iki tapança, 7,62 mm kalibrli 700 patron, lüləsi kəsilmiş iki ədəd yivsiz ov tüfəngi, 58 ədəd 9x19 mm və 66 ədəd 9x18 mm kalibrli patronlar, eləcə də silahlara qulluq üçün nəzərdə tutulan 8 təmizləyici vasitə aşkar edilərək götürülüb.