Ermənistanda rusiyalı iş adamı Samvel Karapetyanın vəkillərindən biri - Ruben Akopyan saxlanılıb.
Moderator.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Vəkillər Palatası məlumat yayıb.
"Ermənistan Respublikası Vəkillər Palatası Şurasının üzvü Ruben Akopyanın saxlanılması faktı diqqət mərkəzindədir", - deyə təşkilatın mətbuat xidməti tərəfindən yayılan bəyanatda bildirilib.
Həmçinin vurğulanıb ki, palata Ruben Akopyanın müdafiə komandası ilə birbaşa əlaqədədir və onun hüquqlarının qorunması üçün görüləcək tədbirlərin əhatə dairəsi müzakirə olunur.
Bəyanatda xatırladılıb ki, palatanın əsas vəzifələrindən biri dövlət və yerli özünüidarəetmə orqanları ilə münasibətlərdə, eləcə də məhkəmələrdə öz üzvlərinin hüquq və qanuni maraqlarını qorumaqdır.
Daha əvvəl Ermənistan KİV-ində Akopyanın saxlanılması ilə bağlı yayılan məlumatlarda qeyd olunurdu ki, məsələ Ermənistanın Lori bölgəsində aparılan cinayət işi çərçivəsində ədalət mühakiməsinin həyata keçirilməsinə və ya istintaq prosesinə mümkün müdaxilə ilə əlaqədardır.
İstintaq orqanları saxlanılmanın səbəbləri barədə hələlik rəsmi açıqlama verməyiblər.
Qeyd edək ki, Akopyan həm də Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın (2008-2018) vəkilidir.