Tramp İranda Xamenei kimi birinin hakimiyyətə gəlməsini istəmir
Dünya
354
06 Mar 2026 | 19:10

Tramp İranda Xamenei kimi birinin hakimiyyətə gəlməsini istəmir

ABŞ Prezidenti Donald Tramp öldürülmüş ali lider Əli Xamenei kimi birinin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün İran hökumətinin formalaşmasında iştirak etmək istəyir.

Moderator.az xəbərinə görə, bu barədə Donald Tramp "Time" jurnalına bildirib.

"(İrandan) xahiş edəcəyim şeylərdən biri yeni liderin seçilməsində onlarla birlikdə işləmək imkanıdır. Mən o niyyətdə deyiləm ki, bütün bunlardan keçim və nəticədə daha bir Xamenei əldə edim. Mən seçimdə iştirak etmək istəyirəm. Onlar seçim edə bilərlər, amma biz əmin olmalıyıq ki, bu, ABŞ-yə münasibətdə ağıllı insan olacaq", - deyə Tramp qeyd edib.

Xatırladaq ki, martın 4-də İran Ekspertlər Şurasının üzvü Mahmud Rəcəbi bu məşvərət orqanının ölkənin yeni ali liderinin seçilməsi prosesinə başladığını və son qərarın katiblik tərəfindən elan ediləcəyini açıqlayıb.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbəyə məruz qalıb. Əməliyyat "Aslanın nəriltisi" adlandırılıb. Hər iki ölkə hava məkanını bağlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ABŞ-nin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bəyan edib. Pentaqonun bildirdiyi kimi, ABŞ-ın İrana qarşı əməliyyatı "Epik qəzəb" adlandırılıb. İran da öz növbəsində İsrailə onlarla ballistik raket atıb.

İran həmçinin bütün Yaxın Şərqdəki - Qətər, BƏƏ, Bəhreyn, İraq, Səudiyyə Ərəbistanı və İordaniyadakı ABŞ bazalarına pilotsuz uçuş aparatları (PUA) və raket zərbələri endirib. Bütün bu ölkələrin hava məkanı bağlı olaraq qalır. İran öz əməliyyatını "Həqiqi vəd 4" adlandırıb.

İran dövlət televiziyasının ölkənin ali lideri Əli Xameneinin öldürüldüyünü təsdiqləyib. Həmçinin ayətullah Əli Şamxaninin müşaviri, SEPAH komandanı Məhəmməd Pakpur və müdafiə naziri Əziz Nəsirzadə də daxil olmaqla, bir neçə yüksək vəzifəli İran hərbi rəsmisinin ölümü də təsdiqlənib.

Link kopyalandı!
Son xəbərlər