Budapeşt Kiyevdən Macarıstan ərazisindən daşınan iri həcmli nağd pul partiyaları ilə bağlı dərhal cavab tələb edir, bu partiyalar Ukrayna hərbi mafiyası ilə mümkün əlaqə barədə ciddi suallar doğurur.
Moderator.az-ın məlumatına görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto sosial şəbəkələrdə bəyan edib.
"Yanvar ayından bəri Macarıstan ərazisindən 900 milyon dollar və 420 milyon avro nağd pul, həmçinin 146 kiloqram qızıl daşınıb. Əgər bu, həqiqətən banklar arasında əməliyyatdırsa, niyə köçürmə yolu ilə həyata keçirilməyib? Niyə belə böyük məbləğləri nağd şəkildə ölkəmiz ərazisindən daşımaq lazımdır?", - o qeyd edib.
Siyarto bildirib ki, Milli Vergi və Gömrük Administrasiyasının məlumatlarına görə, sonuncu partiyanı Ukrayna kəşfiyyat xidmətinin keçmiş generalı müşayiət edib və Kiyev vəsaitlərin mənşəyi və təyinatı barədə aydın izahat verənədək Macarıstan hakimiyyəti hərtərəfli araşdırma aparacaq.
Bu arada, Ukrayna XİN başçısı Andrey Sibiqa bəyan edib ki, Ukrayna tərəfi Macarıstanın nağd pul və qızılla inkassator maşınlarını saxlamasına cavab olaraq tədbirlər görmək hüququnu özündə saxlayır.
"Biz sanksiyaların və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqi daxil olmaqla müvafiq tədbirlər görmək hüququmuzu özümüzdə saxlayırıq", – o bəyan edib.
Xatırladaq ki, martın 6-sı gecə Ukraynanın Milli Bankı Macarıstan hakimiyyətinin Ukrayna inkassatorlarını və iri məbləğdə valyutanı saxladığını bildirmişdi.