"Məqsəd aydındır, amma nəticəni təsdiqləmək çətindir..."
ABŞ və İsrail rəhbərliyi bildirir ki, İrana qarşı əməliyyatların əsas məqsədi rejim dəyişikliyi və Tehranın raket-nüvə proqramlarının sıradan çıxarılmasıdır.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
Nəşr yazır ki, lakin bu hədəflərə çatıldığını praktik olaraq necə müəyyən etmək sual olaraq qalır. Quru müdaxilə planlaşdırılmır - İranın geniş və dağlıq ərazisi belə ssenarini çətinləşdirir. Buna görə əsas diqqət hava zərbələri ilə hərbi və nüvə infrastrukturunun məhv edilməsinə yönəlib. Ancaq obyektlər vurulsa belə, onların tam sıradan çıxarıldığını təsdiqləmək asan deyil.
Raket proqramı: dağıtmaq olar, amma nə qədər?
Ekspertlərin hesablamasına görə, 2025-ci ilin ortalarında İranın 2,5-3 min orta mənzilli ballistik raketi olub. "Jewish Institute for National Security of America" (JINSA) analitik mərkəzi bu rəqəmləri ümumilikdə təsdiqləyib və Tehranın yaxın illərdə arsenalını daha da artıra biləcəyini bildirib.
Raketlərin əhəmiyyətli hissəsi yeraltı bazalarda, tunel şəbəkələrində saxlanılır. Mobil buraxılış qurğuları isə zərbə endirdikdən sonra sürətlə mövqeyini dəyişə bilir. Bu səbəbdən zərbələrin real nəticəsini qiymətləndirmək çətindir və İranın istehsal imkanlarını bərpa edə bilməsi ehtimalı qalır.
Nüvə proqramı: geri atılıb, amma bitməyib
İsrailin baş naziri Benyamin Netanyahu əməliyyatın vaxtında başladığını deyərək, İranın proqramı tezliklə əlçatmaz səviyyəyə çatdıra biləcəyini vurğulayıb. Ağ Evin sözçüsü Kerolayn Levitt isə məqsədin "İranın nüvə ambisiyalarını birdəfəlik söndürmək" olduğunu bildirib. İsfahan, Natanz və Fordodakı obyektlərə zərbələr endirilsə də, onların real vəziyyəti və zənginləşdirilmiş materialın taleyi barədə açıq və dəqiq məlumat yoxdur. Yeraltı komplekslərdə baş verənləri kənardan tam izləmək mümkün deyil.
Hava zərbələri ilə qələbə mümkündürmü?
Britaniyalı hərbi şərhçi Mark Urban hesab edir ki, ABŞ istənilən mərhələdə qələbə elan edə bilər. Lakin İran qarşı tərəfə zərbələri davam etdirsə və ya potensialını bərpa etsə, bu, inandırıcılığı azalda bilər. Ekspertlərin fikrincə, mövcud rejim dəyişmədikcə dağıdılan infrastrukturun yenidən qurulması ehtimalı qalır. Buna görə əsas sual açıq qalır: hava zərbələri taktiki üstünlük versə də, bu, strateji və uzunmüddətli qələbə üçün kifayət edəcəkmi?